ixatv.az

“Bağırov komandiri alnından güllələdi” – Müsahibə

5-01-2021, 14:47

“Bağırov komandiri alnından güllələdi” – Müsahibə
Tədqiqatçı-alim Adıgözəl Məmmədov keçmiş birinci katibin həyatının gizlinlərini “Qafqazinfo”ya açıqlayır:

Adıgözəl Məmmədov oxucuların çox ciddi marağına səbəb olmuş “Avtoritar rejimlər və psixoloji portretlər”, “Tam məxfi sənədlər. M.C.Bağırov”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Chas “iks” perevorota: M.D.Bagirova i L.P.Berii”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Səudilər sülaləsi, Geosiyasət”, “Baş tutmayan çevriliş” kitablarının müəllifidir. Tədqiqatçı öz əsərlərində tarixin bəlli dövrlərində dünyada baş verən proseslərə təsir imkanına malik olan siyasi liderlərin, o cümlədən Osmanlı sultanlarının, Səudilər sülaləsinin, Adolf Hitlerin, İosif Stalinin, Yuri Andropovun, Mircəfər Bağırovun və Müəmmər Qəddafinin psixi-ruhi vəziyyətini təyin etməyə çalışmışdır. Adıgözəl Məmmədov Qafqazinfo-ya müsahibəsində 1933-53-cü illərdə Azərbaycan KP MK-ya rəhbərlik etmiş Mərcəfər Bağırovun həyat və fəailiyyətilə bağlı indiyə kimi oxuculara məlum olmayan faktlar açıqlayıb:

- Adıgözəl müəllim, sizi Mircəfər Bağırovun həyatını araşdırmağa nə vadar etdi?
- Tibb Universitetində təhsil alanda müəllimlərimlə birlikdə tarixi şəxsiyyətlərə psixoloji aspektdən yanaşmağın yeni texnologiyasını yaratdıq. Bundan sonra yeni metodoloji yanaşma ilə tarixi şəxsiyyətlərin həyat və fəaliyyətini araşdırmağa başladım. İlk olaraq Mircəfər Bağırovu tədqiqat obyekti seçməyim onun şəxsiyyətinin Azərbaycan cəmiyyətinə ziddiyyətli şəkildə təqdim olunması ilə bağlıdır. Bir çox tədqiqatçılar Bağırovu qatil adlandırsalar da, onu müsbət tarixi şəxsiyyət kimi xarakterizə edənlər də var. Hər iki mövqe ilə tanış olanda gördüm ki, həmkarlarımın əksəriyyəti mövzuya xronoloji məlumatlar əsasında yanaşıblar. Ən əsası isə odur ki, bütün tədqiqat əsərləri dövrün konyukturasına uyğun yazılıb. Bu əsərlərdə Mircəfər Bağırovun yaşadığı dövrdə baş verən hadisələr tarixi ardıcıllıqla verilsə də, onun düşdüyü konfliktoloji mühit barədə heç nə deyilmir. Məhz bu baxımdan Mircəfər Bağırovun şəxsiyyətinə qeyri-adi yanaşmaya böyük ehtiyac vardı. Bu işdə yeni metodologiya köməyimə çatdı.

- Mircəfər Bağırovun psixi-ruhi vəziyyətinin qeyri-sabit olması ilə bağlı iddialar var. Siz bu iddiaları bölüşürsünüzmü?
- Mircəfər Bağırova aid arxiv sənədləri ilə tanış olandan, onun iştirak etdiyi sonuncu plenumdakı çıxışını təhlil edəndən, ən əsası isə bu adamın siyasi opponentləri ilə mübarizə metodunu öyrənəndən sonra əmin oldum ki, haqqında danışdığımız şəxs Azərbaycana rəhbərlik etdiyi dövrdə böyük məharətlə öz oyununu qura bilib. Mircəfər Bağırov tipoloji baxımdan sanqvinikdir. Bu isə o deməkdir ki, Bağırov qıvraq, diribaş, hadisələrə operativ reksiya verməyi bacaran, bəzən isə nəticə çıxararkən səhvə yol verən dövlət adamı olub. O, hövsələdən tez çıxırmış. Bu isə bəzi hallarda qəbul etdiyi qərarlara öz təsirini göstərib. Mircəfər Bağırovun psixi-ruhi vəziyyətinin qeyri-sabit olması barədə deyilənlərin heç bir əsası yoxdur. Bu, patologiya deyil, şəxsin xarakterik xüsusiyyətidir.

- Mircəfər Bağırovun şəxsiyyətinə qiymət veriləndə ilk növbədə onun ötən əsrin 30-cu illərindəki fəaliyyəti əsas götürülür. Siz necə düşünürsünüz, repressiyalardan qaçmaq mümkün ola bilərdi?
- Ötən əsrin 30-cu illəri haqda danışanda həmin dövrün reallıqları və sovet dövlətinin başında dayanan Stalinin siyasi rəqibləri ilə apardığı mübarizə nəzərdən qaçmamalıdır. Stalin özünün güclü siyasi rəqibi olan Lev Trotskini və həmfikirlərini siyasi səhnədən sıxışdırdıqdan sonra müttəfiq respublikalarda onlara bağlı cərəyanlarla mübarizəyə başladı. Təəssüf ki, Azərbaycanın bir çox tanınmış ziyalıları da bu prosesdən kənarda qala bilmədilər. Repressiya olunan sovet vətəndaşlarının sayının çox olmasında Stalinin psixi-ruhi vəziyyətindən qaynaqlanan qəddarlıq və əzazillik amilin də güclü təsiri olmuşdur. Stalin paranoyadan əziyyət çəkirdi. Stalinə elə gəlirdi ki, ətrafındakı adamların hamısı ona sui-qəsd hazırlayır. Və bu şübhələr onun həyatının əsas amilinə çevrilmişdir. Bu cür mürəkkəb siyasi atmosferdə sinfi mübarizəyə start verilmişdir. Bəzən düşünürəm ki, Mircəfər Bağırov bu ziddiyyətlər burulğanından necə sağ çıxmışdır? Məncə, o, çox güclü təhlil qabiliyyətinə malik olduğu üçün sağ qala bilmişdir. Təsəvvür edin ki, adi iş günlərinin birində SSRİ Daxili İşlər Komissarlığının 00447 nömrəli əmri Mircəfər Bağırova təqdim olunur. Əmrdə repressiya ediləcək müsavatçı, menşevik və “hümmət”çilərin sayı dəqiq göstərilir. Həmçinin siyasi fəaliyyətlə məşğul olan bütün dövlət xadimlərinin keçmişinin araşdırılması ilə bağlı tələb irəli sürülür. Bundan sonra isə “üçlük”lər təsis olunur. Bu prosesə Azərbaycan Xalq Daxili İşlər Komissarlığı ilə yanaşı, SSRİ Daxili İşlər Komissarlığının Azərbaycandkı nümayəndələri rəhbərlik edirdilər. Arxiv materialları arasında həmin vaxt Azərbaycan KP MK-nın birinci katibi işləyən Mircəfər Bağırovun Azərbaycan SSR Nazirlər Sovetinin sədri Hüseyn Rəhmanovun qanunsuz həbs olunması ilə bağlı maraciəti var. İstintaq qrupuna müraciət edən Bağırov Hüseyn Rəhmanovun həbsdən azad olunmasını xahiş edir. Amma nəinki birinci katibin xahişinə əməl olunmur, hətta istintaqın gedişinə mane olduğu əsas gətirilərək, onun özü ilə bağlı Moskvaya şikayət olunur. Bundan sonra Moskvada Bağırovun siyasi fəaliyyətinin araşdırılması məsələsinə baxılır və onun həbsi gündəmə gəlir. Həmin dövrdə bir neçə müttəfiq respublikanın rəhbəri bu prosesə mane olmaqda günahlandırılaraq, həbs edilmişdir. Bağırov yaxın dostu Laventi Beriyanın köməyilə həbs təhlükəsindən xilas olmuşdur. Bu həmin vaxt idi ki, psixi-ruhi sarsıntı keçirən Stalin həyatının ən kritik dönəmini yaşayırdı. Təsəvvür edin ki, Stalin hətta onun bütün əmrlərini tərəddüdsüz yerinə yetirən SSRİ Daxili İşlər Komissarı Nikolay Yejovun özündən də şübhələnməyə başlayır. Buna görə də o, Beriyanı Gürcüstandan Moskvaya çağıraraq, Nikolay Yejovun birinci müavini təyin edir. Bir müddət sonra isə Yejovu güllələtdirərək, onun postunu Laventi Beriyaya tapşırır. 1938-ci ildə baş tutan bu təyinatdan sonra repressiyalar bir qədər səngiməyə başlayır. 1989-cu ildə “Arqumentı i faktı” qəzeti Stalin dövründə repressiyaya məruz qalan sovet xalqları haqda geniş məqalə dərc etmişdi. Həmin məqalədə göstərilirdi ki, ötən əsrin 30-cu illərində Rusiyada 830 491, Gürcüstanda 11 723, Ermənistanda isə 11 064 nəfər repressiyaya məruz qalıb. Azərbaycanda bu rəqəm o qədər kiçik olub ki, hətta qəzetin dərc etdiyi materialda da öz əksini tapmayıb. Digər sovet xalqları ilə müqayisədə azərbaycanlıların daha az repressiyaya məruz qalması Bağırovun xidmətinin nəticisidir.

- Mircəfər Bağırovun bəzi tanınmış Azərbaycan ziyalılarını həbsdən xilas etməsilə bağlı məlumatlar var. Sizə belə fakt məlumdurmu?
- Təəssüf ki, həmin dövrdə elə bir dəyərlər sistemi formalaşmışdı ki, kimin kimdən xoşu gəlmirdisə, onu sinfi düşmən kimi qələmə verirdi. Arxiv materialları arasında belə faktlara da rast gəlmək mümkündür ki, məişət zəminində mübahisə edən iki qonşu bir-birindən xəbərsiz Mərkəzi Komitəyə “donos” yazıb. Daxili İşlər Komissarlığına hər gün qucaq-qucaq şikayət məktubu daxil olurdu. “Donosbazlıq” yaradıcı adamlar arasında daha geniş yayılmışdı. Azərbaycan Yazıçılar İttifaqının qurultayındkı çıxışları və məruzələri təhlil edəndə görürük ki, bəzi qələm sahiblərimizin həbsinə öz həmkarları zəmin hazırlayıb. Hüseyn Cavid də bu intriqaların qurbanı oldu. Həbs olunmamışdan bir müddət əvvəl Mircəfər Bağırov Cavidə mükafat vermişdi. Amma Cavidlə bağlı “donos”lar Mərkəzi Komitəyə deyil, Yejovun emissarlarının nəzarətində olan Azərbaycan Xalq Daxili İşlər Komissarlığına göndərilirdi. Mircəfər Bağırov bu prosesə təsir imkanından məhrum edilmişdi. Buna baxmayaraq, o, milli məfkurənin daşıyıcısı olan tanınmış Azərbaycan ziyalılarını qorumaq üçün taktiki gedişlər edirdi. O, həbs təhlükəsi ilə üzləşən şair və yazıçılara tövsiyə edirdi ki, Stalini, bolşevizmi, sovet quruluşunu tərifləyən əsərlər yazsınlar. Üzeyir Hacıbəyov “Koroğlu” operasını Mircəfər Bağırovun tövsiyəsi ilə yazmışdı. Bağırov Koroğlunun xanlara, bəylərə qarşı mübarizə apardığını önə çəkərək, vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin qızğın təbliğatçılarından olan Üzeyir bəyin sovet quruluşunun tərəfdarı olduğunu əsaslandırmağa çalışırdı. Buna baxmayaraq, mən Mircəfər Bağırovu mələk donunda göstərməyin tərəfdarı deyiləm. Bağırov dövrünün şərtlərindən ustalıqla yararlana bilmişdi. O, Stalinin patoloji fəlsəfəsinə uyğun olaraq, Azərbaycandakı rəqiblərini amansızlıqla məhv etmişdir.

- Mircəfər Bağırovun İkinci Dünya Müharibəsindəki rolu da müsbət ştrixlərlə yadda qalıb...
- Məlum olduğu kimi, İkinci Dünya Müharibəsində azərbaycanlılar sovet ordusunun tərkibində faşist Almaniyasına qarşı vuruşurdular. Azərbaycanlıların əksəriyyəti rus dilini bilmədikləri üçün döyüş zamanı verilən əmrləri yerinə yetirməyə çətinlik çəkirdilər. Nəticədə nizamnaməni pozduqları üçün komandirlər onları hərbi tribunala verirdilər. Bəzi generallar isə əmri yerinə yetirməyən azərbaycanlıları yerindəcə güllələyirdilər. Həmin vaxt bu xəbər Zaqafqaziya Müdafiə Şurasının üzv olan Mircəfər Bağırova çatdırılır və o, dərhal azərbaycanlılara qarşı zorakılıq hallarının daha çox baş verdiyi cəbhənin cənub bölgəsinə gedir. Azərbaycanlı döyüşçülər Bağırova komandir Yevgeni Xruşşovun özbaşınalığından və rus dilini bilməyən azərbaycanlıları ”dizertir” adı ilə güllələtməsindən şikayətlənirlər. Bağırov Yevgeni Xruşşovu çağırtdıraraq, onu sorğu-sual edir. Komandir azərbaycnlıların verilən əmrləri yerinə yetirmədikləri üçün güllələndiklərini bildirir. Bağırov ona deyir ki, axı onlar rus dilini bilmirlər. Xruşşovun cavabı belə olur: “Bu heyvanlara rus dilini mən öyrətməli deyiləm”. Bağırov bu sözləri eşidəndə həmişə üstündə gəzdirdiyi “Mauzer” tapançasını çıxarıb, Xruşşovu alnının ortasından vurur. Bundan sonra Bağırov birbaşa Moskvya Stalinin yanına gedir. Zaqafqaziya cəbhəsi üzrə Müdafə Şurasının üzvü kimı Bağırov atdığı bu addımı Stalinin yanında əsaslandırır. Təbii ki, bu görüşdə Beriya da olur və o, əvvəldən axıra kimi Bağırovu müfadiə edir. Bu görüşdən sonra azərbaycanlılardan ibarət hərbi hissənin yaradılmasına icazə verilir. Cəbhəyə göndərilən azərbaycanlı əsgərlərin əksəriyyəti 416, 77, 223-cü diviziyalarda cəmləşdirilir və burada əmrlər Azərbaycan dilində verilir. Sonradan 416-cı diviziya Taqanroq şəhərini azad etdiyi üçün “416-cı Taqanroq diviziyası” adlandı.

- Bzəi tədqiqatçılar hesab edirlər ki, Mircəfər Bağırovun ən böyük xidməti azərbaycanlıların sürgün olunmasının qarşısını almağı bacarmasıdır. Bağırov buna necə nail olub?
- Mircəfər Bağırov haqda kitab yazanda arxiv sənədlərini tədqiq etməklə yanaşı, həmin dövrdə yaşamış bəzi insanlarla da görüşmüşdüm. Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş Teymur Quliyevin qızı Minayə xanım da təsdiqlədi ki, 1943-44-cü illərdə azərbaycanlıların sürgün olunması ilə bağlı SSRİ Müdafiə Şurasında müzakirələr aparılıb. Minayə xanımın dediyinə görə, bir gün gecə yarısı Mircəfər Bağırov Teymur Quliyevə zəng edərək, onun təcili Mərkəzi Komitəyə çağırıb. Bağırov Teymur Quliyevə sovet rəhbərliyinin Azərbaycan xalqını sürgün etmək planı haqda məlumat verib. Onun dediyinə görə Beriya xəbər verib ki, Müdafiə Şurasının iclasında Krım tatarları, Axıska türkləri, çeçenlər və digər xalqlar kimi azərbaycanlıların da Qazaxıstana sürgün olunması barədə müzakirələr aparılıb. Stalin başda olmaqla Müdafiə Şurasının əksər üzvləri azərbaycanlıların Türkiyəyə meyl edəcəyindən ehtiyatlandıqları üçün xalqımızın sürgün olunması barədə qərar çıxarılmasını vacib sayıblar. Amma Beriya bu qərara qarşı çıxaraq, Mircəfər Bağırovun da iclasa dəvət olunmasını tələb edib. Həmin gecə Mircəfər Bağırov Teymur Quliyevə deyib ki, səhər açılan kimi yerli partiya və komsomol təşkilatları adından Azərbaycan xalqının kütləvi şəkildə müharibədə iştirak etmək istədiyinə dair Kremlə teleqramma göndərin. Sonra isə bildirib ki, özü sabah Moskvaya uçacaq. Bağırov Teymur Quliyevlə söhbət zamanı onu da deyib ki, Beriya ona Azərbaycan xalqının Qazaxıstana sürgün olunmasının qarşısını almaq üçün əlindən gələn köməyi etməyə söz verib. Ən maraqlısı isə odur ki, Bağırov Teymur Quliyevlə vidalaşanda deyib ki, siz möhkəm dayanın, bəlkə mən geri qayıtmadım... Bu, bir faktdır ki, Beriyanın və Mircəfər Bağırovun səyi nəticəsində azərbaycanlıların Qazaxıstana sürgün olunmasının qarşısını almaq mümkün olub.

Seymur Verdizadə


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 33}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı