ixatv.az

NEFT QOXULU XATİRƏLƏR

6-01-2021, 12:01

NEFT QOXULU XATİRƏLƏR
Tahirə Həbibi

NEFT QOXULU XATİRƏLƏR
(oçerk)

Oxucum, yazımın sərlövhəsini görüb, zənn etmə ki, neft qoxusundan xoşum gəlmir. Əksinə, uşaqlığımdan bu qoxunu sevmişəm. Axı mən neftçi qızıyam. Atamın min bir zəhmətlə qazandığı neft qoxulu bərəkətli, halal çörəklə böyümüşəm. Zəhmətin nə demək olduğunu mənə atamın keçdiyi çətin, məşəqqətli, eləcə də şərəfli yol öyrədib. O öz 65 illik ömür kitabını məhz bu gün -- 6 yanvar 1996-cı ildə yazıb bitirib. Gəlin bu kitabı birgə vərəqləyək.
Atam Orucov Əhməd Həbib oğlu 1930-cu il yanvarın 1-də Kürdəmir rayonunun köhnə Ərşəli kəndində dünyaya göz açmışdı. Ona görə köhnə Ərşəli deyirəm ki, Girdman çayı qəzəblənib daşanda ( ötən əsrin 80-ci illərində) mənim doğma kəndim onun sel-sularının altında qalmışdı. Çamaatımız min bir əziyyətlə qurub-yaratdığı dədə-baba ev- eşiyini qoyub qaçmağa məcbur olmuş, dövlətin yardımı ilə salınan yeni yaşayış massivində məskunlaşmışdır.
Atam Mirvari nənəmin yeganə əziz-xələf övladıydı. Amma atamın ögey bacı-qardaşları olub. (Babamın əvvəlki ailəsindən 2 oğlu, 2 qızı vardı)
Atamın uşaqlığı müəyyən səbəblərdən o qədər də fərəhli keçməyib. Ögeylik münasibətinin üzücü sərt baxışlarının təsiri altında böyüyüb. Əzilib, döyülüb, ögey münasibətin məngənəsində sıxılıb. Sıxıldıqca da ana köksünə sığınıb, göz yaşlarını anasının qoynunda qurudub. Atası uşaqlar arasında fərq qoymazmış. Rəhmətlik Gülnisə nənəm (babamın birinci həyat yoldaşı) bir qədər tündməcaz, özü də acıdil qadın olub.(Böyüklər demişkən, şeytan qulağına xəbər aparmasın) Öz uşaqlarını balaca Əhmədlə oynamağa qoymaz, uşaqların bir-birinə qaynayıb-qarışmasına imkan verməzmiş. Babam da söz-söhbət olmasın deyə səsini çıxartmazmış...
Atam o vaxt kəndimizdəki 8 illik məktəbdə cəmi 6 il oxuyub. Sonralar peşə məktəbində neft üzrə kurs bitirib. 14-15 yaşlarından tale onun yolunu Bakıya salıb. Neft Bakısına. Çörək pulu qazanmaq, öz ayaqları üstündə durmaq üçün işə başlayıb. Neft buruqları onu özünə cəlb edib. Atası onun bu arzusuna qarşı çıxmayıb. "Niyyətin hara, mənzilin ora",- deyərək xeyir-duasını verib.
Əmək fəaliyyətinə Əmircanda, Suraxanıda başlayıb. Qazma İşlər İdarəsində usta şagirdi kimi ilk addımlarını atıb. Atam danışardı ki, ustası onu təcrübədən keçirmək üçün küləkli bir gündə vışkaya çıxmağa məcbur edir. O da tərəddüd etmədən vışkaya qalxır və beləliklə, ustanın sınağından üzüağ çıxır. Atam bunu danışanda xəyalım məni məndən aldı... M.Hüseynin "Abşeron" romanındakı usta Ramazan və Tahir obrazları gözüm önündə canlandı...
Beləcə atamın ağır, amma şərəfli peşə yolunun təməli qoyulur. Qısa müddətdə işinin peşəkarına çevrilir. Qazma briqadasının sevimlisi olur. Hamı bu işgüzar oğlandan ağızdolusu danışır.
Gecələr doğma kəndi üçün qəribsəyər, düşünüb-daşınar, ata-anası üçün darıxıb kövrələrmiş...
Mazutlu əllərin qazandığı pulları qənaətlə xərcləyər, israfçılıq etməzmiş. Ayda bir dəfə icazə alıb 2-3 günlük kəndə gəlırmiş. Mirvari nənəm onun gəlişinə gözəl süfrə açar, xoşladığı yeməkləri bişirərmiş.
24 yaşında ailə həyatı qurub. 1955-ci ildə ilk qız övladı, (biz 7 bacıyıq) 1956-cı ilin sonunda ikinci övladı- mənim yeganə qardaşım dünyaya göz açır.
Atamın həyat kitabını vərəqlədikcə yəqin etdim ki, sən demə, neftçilər də səyyar ömür sürürlərmiş. Onun yolu hətta Umbakı və Duvannıdakı neft buruqlarından da keçib.
1958-ci ildən təqaüdə çıxana qədər Əli Bayramlı (indiki Şirvan) Qazma İşlər İdarəsində usta köməkçisi, baş usta, hətta heç bir tam orta və ya ali təhsili olmasa da, ağır işlər üzrə mühəndis vəzifələrində çalışıb. Neçə-neçə ali təhsilli gənc mütəxəssis qazma işinin sirrini ondan öyrənib, təcrübəyə yiyələnib. Şirvan Qİİ-nin baş mühəndisi texniki elmlər namizədi mərhum Rasim Vəliyev onun haqqında "buruğun atası" ifadəsini əbəs yerə deməmişdi. Hansı buruqda qəzalı vəziyyət yaransaydı, dərhal onu yardıma çağırardılar. Bəzən həftələrlə evə gələ bilməzdi. Məzuniyyətdən yarımçıq geri çağırılardı. Çağırışdan imtina etməzdi. Çox məsuliyyətli idi. Bilirdi ki, qazmada qəzalı vəziyyət vaxtında aradan qaldırılmasa, hansı fəsadlara gətirib çıxarar. Üstəlik aylıq planın kəsirdə qalmasının nə demək olduğunu yaxşı bilirdi. O özünü yox, bu idarədə çalışan hər kəsi düşünürdü.
Amma səhhətinin qayğısına qala bilməməsi onda güclü başağrısı, təzyiq yaratmışdı. Doyunca yuxuya həsrət idi... Necə deyərlər, bu insan sanki iş üçün doğulmuşdu...
Trest müdiri rəhmətlik Nadir Ələkbərovun təqdimatı üzrə "Azneft" birliyi onun əməyini qiymətləndirmiş, şəkli həmişə peşəkar neftçi kimi Şərəf lövhəsində asılmış, saysız-hesabsız
orden-medallar almış, Əməkdar neft ustası fəxri adına layiq görülmüşdür.
...Doğru sözdür ki, təsadüflər qaçılmazdır. Adamın ağlına gəlməzdi ki, onun əbədi uyuyacağı son mənzili - məzarı öz əliylə qazdığı neft quyusunun yanında yerləşəcək.
P.S. Yazımı əbəs yerə "Neft qoxulu xatirələr" adlandırmadım...
Əlləri, geyimi, qazandığı halal ruzisi kimi, məzarı da neft qoxulu oldu atamın. Bəli, niyyətin hara, mənzilin ora...
65 səhifəlik ömür kitabının son səhifəsi... Ölümündən 25 il ötdü...
90 illik yubileyin mübarək, ata!
Ruhun şad, yerin behişt olsun!

Tahirə Həbibi, şair-publisist


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 23}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı