ixatv.az

Tahirə Həbib - MİLLƏTİM QANINA BOYANAN GECƏ

19-01-2021, 18:42

Tahirə Həbib -  MİLLƏTİM QANINA BOYANAN GECƏ





Yer-göy qan ağladı, qana bələndi,
Millətim qanına boyanan gecə.
Düşmənin gülləsi kintək ələndi,
Azadlıq duyğusu oyanan gecə,
Millətim qanına boyanan gecə.

Kərbəla çölünə döndü bu şəhər,
Qaraya bürünüb açıldı səhər,
Gətirdi azadlıq adlı bir bəhər,
Zülm son həddinə dayanan gecə,
Millətim qanına boyanan gecə.

Düşmənə nifrətlə candan keçildi,
Şəhidlik şərbəti meytək içildi,
Neçə ər oğlana kəfən biçildi,
İmperiya kökündən oyulan gecə,
Millətim qanına boyanan gecə.

Zülmün,əsarətin endi bayrağı,
Qovduq yurdumuzdan namərd qonağı,
İşıqlı günlərdən aldıq sorağı,
Qanımız bulaqtək qaynayan gecə,
Millətim qanına boyanan gecə.

Nə qədər ki varıq, Azərbaycan var,
Unudulan deyil 20 Yanvar.
Şəhid məzarına qərənfil yağar,
Ruhlar fəxarətlə anılan gecə,
Millətim qanına boyanan gecə.

Bu gün dalğalanan üçrəngli bayraq,
Aldı Şəhidlərin qanından boyaq,
Bilmirəm borcumu verim nə sayaq?!
Bu gecə vicdanlar ayılan gecə,
Millətim qanına boyanan gecə.


ŞƏHİDLƏR DİL AÇIB DANIŞIR SANKİ

Şəhidlər dil açıb danışır sanki...
Mənimçün bu qədər ağlama, ana.
Düz sinəm üstünə tər qərənfili
Dəribsən, əlində saxlama, ana,
Mənimçün bu qədər ağlama, ana.

Qərənfil qanımdan boyanıb qana,
Qanımı şərbəttək nuş edib cana,
Ağlasın mənimçün qoy yana-yana,
Barı sən Kür olub çağlama, ana,
Mənimçün bu qədər ağlama, ana.

Şəhidəm, demək ki,Vətən oğluyam,
Qandan qorxu bilməz qoç Koroğluyam,
Qurbanlıq quzuyam, qoçam, toğluyam,
Nalənlə ruhumu dağlama, ana,
Mənimçün bu qədər ağlama, ana.

And olsun üçrəngli o al bayrağa,
Bu millət çəkildi böyük sınağa,
Azadlıq toxumu səpdik torpağa,
Oyan, ey millətim, yux(u)lama daha,
Mənimçün bu qədər ağlama, ana.

Sanmayın anasız təkdi Şəhidlər,
Yuvasın göylərdə tikdi Şəhidlər,
Əsarət zəncirin sökdü Şəhidlər,
Aç qara örpəyi,bağlama, ana,
Mənimçün bu qədər ağlama, ana.

Vətənin qəlbində dərin yara var,
Qaysaq tutmayacaq 20 Yanvar!
Çətin ki göz yaşı qanımı yuyar,
Qisası sabaha saxlama, Ana!
Mənimçün bu qədər ağlama, Ana!


AĞLA, QƏRƏNFİL, AĞLA

Qara Yanvar tarixə yazıldığı o gündən,
Adını dəyişibdi qərənfil: Şəhid gülü.
O müdhiş gecədəki ürək titrədən ündən,
Qərənfillər susdurdu ona aşiq bülbülü.

Ustad dedi:- Qərənfil, ağla elin dərdinə,
Günahsız balaların qanı axıb sel oldu.
Xəbər al kafirlərdən bizim ilə dərdi nə?
Nədən rusla erməni birləşərək əl oldu?

Ağla, ana dərdinə sən də şərik, ortaq ol,
Azalmır göynərtisi,qaysaq tutmur yarası,
Şəhid məzarı üstə dalğalanan bayraq ol,
Axı orda uyuyur gözünün ağ-qarası!

Ağla, bacı diliylə, şəhid olub qardaşı,
Qardaşından savayı yox idi bir kimsəsi.
Ağla bacı dərdinə, gəl bu yükü sən daşı,
Elə həmin gündəcə batıbdı şaqraq səsi.

Qərənfillər yas tutub ağlayır gecə-gündüz,
Düzülərək yan-yana məzarların üstünə.
Azadlığın naminə qana döndü dərə-düz,
Qərənfillər baş əyir şəhidlərin büstünə.

Qərənfillər anatək ağı deyir oğula,
Yaş axıdıb gözündən ağlayır için-için.
Ey Vətən oğulları, siz döndünüz nağıla,
Bu Vətəni, milləti daim yaşatmaq üçün.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 125}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı