ixatv.az

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış

10-02-2021, 20:39

Namiq Atabəyli.
(Yazıçı: tarixi romanlar müəllifi, tənqidçi)
E-MAIL: farajovnamiq@ gmail.com

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış
Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış
III-IV HİSSƏLƏR


3. Şirvanşahlar dövləti və məsihilik.
Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış Azərbaycanın antik və orta əsrlər sinifli cəmiyyət tarixinə diqqətlə nəzər yetirdikə Kuti, Manna, Midiya, Atropetena (Adərbayqan), Albaniya kimi adları görürük. Şirvanşahlar dövləti yalnız ilkin Orta əsrlərin müstəqil feodal dövlətlərindən biri kimi 861-ci ildən ortaya çıxır. Bunun nə dərəcədə doğru-dürüst elmi yanaşma olması mübahisəlidir. Əvvəla, Ərəb İslam cihadının ilk dalğası, bildiyimiz kimi, şirvan xalqından da kənar ötüşməmişdir. “Şirvanşahlar tarixi” elmi əsərinin müəllifi Sara Aşurbəylinin sözügedən kitabında maraqlı açıqlama var: “XIII əsr görkəmli İslam tarixçisi Rəşidəddin (1247-1318) məşhur “Məktubat” əsərində yazırdı: “Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır... Artıq 2000 ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur.” (Bax, S.Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiyapress, Bakı-2006., səh.:-50). Sara xanım həmin “Məktubat”dan belə bir fakt gətirir ki, Qafqazın ərəblər tərəfindən işğalı zamanı Dərbənd hakimi Şirvanşah Şəhriyar onlarla qarşılıqlı sülh imzalayır. Onun bəyanatında deyilir: “Mənim nə... dağlılar, nə də ermənilərlə heç bir əlaqəm yoxdur. Siz (yəni ərəblər-N.A.) mənim ölkəmi və xalqımı işğal etmişsiniz”. (S.Aşurbəyli. Göst. əsər, səh.:-55). Nəzərə alsaq ki, Ərəblər Şirvanı xəlifə Osmanın dövründə, 642-643-ci illərdə fəth etmişlər, onda qəbul etmək lazımdır ki, Xilafət Arazın şimalında yalnız bir dövlət qurumunu, de-yure və de-fakto, tanımış, onunla da tarixi anlaşma bağlamışdır. Bu, qeyri-islami, politeist, oturaq cəmiyyət qədim şirvan xalqı idi və onun rəhbərliyində sonradan İslamiyyəti Sülh yolu ilə qəbul edən ilkin Şirvanşahlar titulunun daşıyıcısı olmuş siyasi elita durmuşdur.
Məlumdur ki, Şirvan ölkəsi tolerant bir cəmiyyətdən ibarət idi. Xristianlıq ora İslamdan əvvəl gətirilmişdir. İsa Məsihin 12 imamından (-apostolundan) biri olmuş Varfolemeyin ayaq qoyduğu ilk Qafqaz dövləti Şirvanşahlardır. O, 71-ci ildə burada vəfat eləmişdir, məzarı da Şirvanın paytaxt şəhərlərindən biri sayılan qədim Bakıdadır. Qədim Şirvan vilayəti olan Şəkinin Kiş deyilən bir kəndi var. Müsəlmanların bu gün fəxrlə öz Bayraq rəmzinə çevirdikləri Ay (-Selena) ilahəsinin paqan məbədi əvvəllər burada yerləşmişdi. Kiş xristian kilsəsi həmin məbədin özülləri üzərində tikilmişdir. İsa Məsihin din qardaşı müqəddəs Yaqub (-Yakov) tərəfindən xristianlığın təbliği üçün Şirvana (-Albaniyaya) göndərilmiş Müqəddəs Yelisey bir müddət Dərbənddə (-Çolada) və Uti (-Şəki) vilayətində missionerlik etmiş, sonra miladi tarixinin 60-cı illərində həmin Kiş kəndinə gələrək orada kilsə tikdirmişdir. Məhz həmin “Müqəddəs Yelisey kilsəsi” “ədalət günəşinin zühur etdiyi illərdə” Şərq ölkələrində ucaldılmış ilk apostol məbədi oldu. Məsihi Şirvanşahlığının məşhur tarixçisi alban Musa Kalankayutlunun “Aquan ölkəsinin tarixi” əsərində belə bir məlumat var: “Yelisey Qüdsün birinci patriki Ağamızın (-İsa Məsihin)” qardaşı müqəddəs Yakovun (-Yaqubun) tövsiyəsi ilə Müqəddəs ruh naminə Şərqə təyin edilir. Yelisey sərəncamına Şərqi (-Şirvanı, Albaniyanı) alır. Qüdsdən ayrılıb İrana gedir və ordan ermənilərin gözündən qaçaraq Məskut (-Dağıstan, Massaget) elinə keçir. Öz təbliğinə o, Çolada (-Dərbənddə) başlayır və müxtəlif yerlərdən şagird toplayaraq, onlara Xilaskarı andırmağa çalışırdı. Müqəddəs Patrik Kişə (-Gisə) gəlir, burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsələrinin və şəhərlərinin başlanğıcıdır və biz şərqlilərə xristianlığın qəbul edilməsi mənbəyidir Şirvanşahlıq xalqımızın şahanəlik qürurudur... Tarix də o üzdən yalnız əsalətin və nəcabətin tarixi olaraq qalır. Bu gün Avrasiyada ən iri geosistem Rusiya dövlətidir. 861-ci il müsəlman Şirvanşahlar dövlətinin, 862-ci il isə bütpərəst (ruslar xristianlığı X əsrin sonu qəbul etmişlər) Rusiya dövlətinin yaranma tarixidir. Görəsən, nə üçün Şərq slavyanlarının öz dövlətçiliyini yaratmaq üçün Skandinaviyadan varyaq-russ-norman (murman)-vikinq tayfalarından Rurik və qardaşları- Sineus və Truvoru öz ölkələrinə dəvət etməsi, bununla da ross və ya norman xalqlarının əqli-fiziki gücü hesabına 862-ci ildə Rusiya (Rossiya) dövlətinin təməlini qoyması böyük tarixi hadisə sayılır, amma bizdə Qafqaza İslamı gətirmiş Məhəmməd (ə.s.ə) peyğəmavər nəslinin nümayəndələri olan Məzyədilərin ruslardan bir il əvvəl, yəni 861-ci ildə qədim Şirvanşahlığın atributları əsasında yenidən bərpa etdiyi müstəqil Şirvanşahlıq və onun 1538-ci ilədək sürmüş 8 əsrlik siyasi-mənəvi İslam dövlətçilik varisliyi inkar edilir?.. Heç bir elmi əsas gətirilə bilməz ki, əsrlərcə “Azərbaycan” və “Şirvan” coğrafi və siyasi anlayışları fərqli məzmunlar daşımışdır. Odur ki, 1918-ci ilin Cümhuriyyət tarixi ilə “Azərbaycan” adını daşıyaraq günümüzəcən gəlib çıxmış bu şanlı keçmişi, nəhayət, öz adı ilə çağırmaq haqqımız vardır. Cümhuriyyətimizi bütün xalqımızın ümumi nailiyyəti hesab edirik. Və bu ismlə hamı kimi biz, şirvanlılar da, fəxr edirik. Lakin bu o demək deyil ki, kimlərsə, qərəzlə şanlı tariximizə istədiyi ismi verib, Şirvanımızı bizə unutdursun. Şirvan nə coğragi sahə, nə inzibati obyekt, nə də tarixi mübahisə mənbəyidir. ŞİRVAN heç nəyə boyun əyməyən tarixi mənəviyyatdır. Kimsə unutmamalıdır ki, Araz çayının qüzeyindən Dəmir Dərbəndə kimi qutsal vətən torpaqlarımızın qədim keçmişi Şirvanşahlığın mənəvi nüfuz sahəsidir.
Son iki əsrlik İran tarixində bütün Qərb tarixşünasları və çoğrafiyaçıları bu ölkəni “PERSİYA” adlandırırlar... Hansısa “Parsua” vilayətinin adını son iki yüz ildə bu qədim ölkənin ümumi adına çevirmişlər. Mən nə bir İslam tarixçisinin, nə də İran ziyalısının dilindən “Rersiya” sözünü eşitməmişəm.
“Persiya”adlanan şey İRAN olduğu kimi, bütün bu “albaniya”(aqvaniya, arraniya...) deyilənlər də Şirvanşahlar dövlətindən başqa bir şey deyil!
Bu gün sevimli “Azərbaycan” adı Milli cümhuriyyətçiliyimizin tək ünvanı olsa da, şanlı keçmişimizi də gərək unutmayaq. Bu gün biz “Şirvanşahlar” adını tatixdən silməklə yalnız düşmən dəyirmanına su tökə bilərik... Tarixçi-ədib yazır: “Албания получила свое название от римлян слово Альбус, Алби (белый)... в смысле «свободный»”(Səh.: 17-18). «Белый» (ağ) sözünü Belorusiya adı ilə müqayisə edərək, Bakıxanov onun “azad”mənasını daşıdığını da irəli sürür. Monqol işğalından kənarda qalmış ölkə kimi Belarusiyanın azad Rusiya adını daşıdığı şübhə doğurmur. Şirvan şahlığının azadlıq ölkəsi kimi Albuslaşdırılması (Albaniyalaşdırılması) Qədim Roma üçün başa düşüləndir. Bu faktın özü də Şirvanın AZADLIQ DİYARI olmasının tarixi təsdiqidir. Amma bəzi çağdaş Azərbaycan tarixçilərinin ilkin Şirvanşahları tarixdən silmək cəhdləri açıq-aşkar xalqa xəyanətdən başqa bir şey deyil. A.Bakıxanov “aqvan”sözünün yanında bir qayda olaraq, mötərizə içərisində“Şirvan”sözünü də işlədir. (Bax, səh.: 42-43). Çünki alimə görə: “М.Чамчыян в «Армянской истории» Ширван называет Агваном”(Bax, Göst. əsər, səh.: 11-12). Deməli, albaniya, aqvan və s. adlarının nə üçün Şirvan sözünün əvəzində işlədilməsinin bir səbəbi bəlli oldu... “Ağ ölkə”, “Azad diyar” və ya “Ağvan” kimi qərb terminologiyasının Rusiyada nə qədər möhkəm oturuşmasına misal olaraq, Mərkəzləşmiş Moskva knyazlarının XV əsrdə Şirvanşahları diplomatik sənədlərdə və xitabatda “Ağ xan” adlandırmaları xüsusi diqqətə layiqdir (Bax. “Azərbaycan tarixi”. I cild, Azərnəşr, Bakı-1994, səh.: 386).
Rusiya ilə Şirvanşahlar dövlətinin arasında çox mürəkkəb tarixi əlaqələr olmuşdur. Bu tarixin səhifələrində təcavüzkar monqolların ram edilməsindən tutmuş, Rusiyanın istiqlala qovuşmasına qədər qarşılıqlı proseslər vardır. Moskva şəhərinin ağdaşlı cildinin yaradılmasında şirvanlı memarın iştirakı səbəbsiz deyildir. Şirvan-Rusiya beynəlxalq münasibətləri isə ayrı bir söhbətin mövzusudur.
Monqol istilası dövrünə qayıdaraq, deyim ki, Çingiz xanın böyük oğlu Cuçi evləndiyi qıpçaq qızın xatirinə öz atasının əmrini pozaraq, şimal xalqlarını- Rus, Çərkəz, Başqırd, Kelar, Dəşti-Qıpçaq ellərini ram etməmiş və qətiyyətlə Monqolustana getməkdən imtina etmişdi. Odur ki, Çingiz xan onu müəmmalı şəkildə öldürtmüşdü. Şitrvanşahlar bu zaman da müsəlman Qıpçaq tayfalarına kömək əli uzatmağa qadir deyildi. Deməli, bu faktdan da “albanizmin çiçəkləndiyi” dövrdə İslamın Dəşti-Qıpçaqdakı mövqeyinin Xristian monqol təəssübkeşliyi şəraitində necə zəiflədiyi aydınca nəzərə çarpır...
Bu dövrdə Şirvanşahların tarixi ərazilərində də kilsə və monastırların tikilməsi və ya yenidən dirçəldilməsi yüksək rəvac tapdı. Diqqətlə baxanda, aydın olur ki, İslam mədəniyyətinin ən güclü mərkəzlərindən birinə, bəlkə də, birincisinə çevrilmiş Şirvanşahlar dövlətinin tarixi ərazilərində XIII əsrdə birdən-birə sürətlə tkilib artırılmış kilsə və digər məsihi məbədlərinin arxasında hansı kənar qüvvə dayanmışdır: bunlar, heç şübhəsiz ki, nəsturi dinini qəbul etmiş Monqol xanları idilər. Bu yeni xaçpərəstlik hərəkatı hətta Şirvanda fəaliyyətini 642-644-cü illərdən etibarən dayandırmış kilsələrin də bərpa və təkrar fəaliyyətinə rəvac vermişdir. Məsələn, Müqəddəs Yelisey (VI-XIII əsrlər), Xatvarak (XIII əsr), Böyük Aran (VI-VIII əsrlər), Gəncəsar (XIII əsr, ind. Ağdərə r-nu), Yeddi kilsə (V-VIII əsrlər), Xotavəng (XIII əsr, ind. Kəlbəcər r-nu), Həmşivəng (XIII əsr, ind. Gədəbəy r-nu), Hütəvəng (XIII əsr, ind. Hadrud r-nu) və s... bunu əyani sübut edir. Şirvanşahlıq daxilində İslamı zəiflətmək, prinsipcə, bu müsəlman dövlətin təməllərini dağıtmaq demək idi. Bu addımla Katolik dairələr Şirvanın qədim məsihi qıpçaqlarını erməni-qriqoryan dini vasitəsilə müsəlman qardaşlarından qoparıb haylaşdırmaq, onların doğma türk-qıpçaq dilini haykaz dili ilə əvəz etmək siyasətinin başlanğıcını qoymuşdular. 1304-1316-cı illərdə hakimiyyət sürmüş elxani hökmdarı Ulcaytu xana (Arqun xanın üçüncü oğlu) Bakı şəhərində İslam dinini qəbul etməsi münasibətilə klassik qıpçaq dilində Mədhiyyə yazmış şair Nəsir Bakuvi Şirvaninin yaradıcılığı Şirvanşahlığı Kəsranilər dövründə Türk dilindən uzaq “vadi” sayanlara layiqli cavabdır:
Zari-könlüm, Tanrına qılgil səna iman ilən,
Buldu rövnəq dinü iman taəti-Sübhan ilən.
Taəti-Sübhan bizə fərz oldu cismü can ilən,
Şükr ola şol Həqqə kim bimüntəha ehsan ilən,
Sərəfraz etdi bizi Olcaytu tək sultan ilən.

Naminə küşvərguşalıq yazdı əzəldən Dəbir,
Hifz edə zilli-inayətdə Xudavəndi-qədir.
Şəhrimiz bir asimandır, salınmış mahi-münir,
Şol hünər şahını eylər mədh Bakuyi Nəsir,
Hər zaman canü-könüldən təbi-dürəfşan ilən.
(Bax, Doktor Cavad Heyət. Azərbaycan ədəbiyyatına bir baxış. Yazıçı.
Bakı-1993, səh.: 24-25).
Deməli, heç şübhəsiz, Monqol-tatar istilaları dövründə Şirvanşahların tarixi ərazilərində həm müsəlman, həm də “Kitabi-Dədəm Qorqud” dastanlarında rast gəldiyimiz məsihi qıpçaqlar yaşamışlar. Onların ortaq işlənən danışıq və mədəni dilləri olmuşdur. Nəsir Bakuvinin müxəmməsi məhz bunun bariz ifadəsidir. XIII-XV əsrlərdə Dəşti-Qıpçaqda rast gəlinmiş qıpçaq dilli xristianlıq abidələri də tolerant Şirvan mədəni mühitinin tarixi zəmini olmadan mövcud ola bilməzdi.
Xristian-bütpərəst Qızıl Ordanın banisi sayılan Batı xanın (1227-1255) komandanlığı ilə Bulqar çarlığı, Qərbi Dəşti-Qıpçaq müsəlmanları, o cümlədən anti-monqol İslam koalisiyasının zəifləməsi üzündən eyni zamanda Russ və bütün Şərqi Avropa ölkələri də işğal edilmişdi... Altını cızaraq, xüsusi qeyd etmək istəyirəm ki, yalnız 1320-ci ildən, yəni Özbək xanın dövründən Qızıl Ordanın rəsmi dövlət dini kimi İslam qəbul olunmuşdur. Monqol-tatar aləmində islamlaşma Şirvan ülamalarının fəal beynəlxalq dini-ideoloji fəaliyyətinin nəticəsi idi. Bu gün qədim Osmanlı ərazilərində, İranda, Rusiya FR-nın coğrafi sahələrində, indiki Pakistanda və Orta Asiyada mövcud olan “Şirvan” adlı coğrafi sahələr və özünü şirvanlı kimi identifkasiya edən toplumlar qədim oturaq Şirvan mədəniyyətinin təsir dairələrini əhatə edir. Şirvanşahlar dövləti tarixən, nəinki xristian-qıpçaqlar üçün, hətta İslam aləmi üçün də elə bir mənəvi dayaq və maddi sığınacaq yeri olmuşdur ki, zamanla Ərəbistanın özündə ortaya çıxmış siyasi ixtilaflar dövründə Məhəmməd rəsulallahın (s.a.s.) əshabələri də qurtuluş üçün məhz bu ölkəni özlərinə Vətən seçmişdilər. Həzrəti Rzanın bacıları- Həkimə xanımın IX əsrdə Bakıya köçüb, burada yaşaması və yaxud Rəhimə xanımın Bakı ətrafı kəndlərdən birinə, Nardarana sığınması Şirvanşahlığın əsl beynəlxalq İslami mahiyyətindən xəbər verir. Bu tarixi faktlar Şirvanşahlar tarixi əvəzinə, bu qədim xalqın qarşısına “Albaniya tarixi” (Moisey Kalankatuklu) kimi “qədim erməni dilli” ilk psedo-əlyazmaların nə üçün və necə meydana çıxarılması səbəblərini də dəqiq izah edir. VII əsr “ alban tarixçisi” (?!.) Moiseyin 1279-cu il tarixli bu “ilk əlyazması”nın qədim ermənicsini ermənilərin özü “Albaniya tarixi” deyil, “Aluank ölkəsinin tarixi” adlandırıblar?!.
Monqol-tatar tayfalarının “türkləşmiş” (indiki leksika ilə desək, azərbaycanlaşmış) tayfa birliklərinə, yəni cəlairilərə, ağ və qaraqoyunlulara qarşı növbəti Azadlıq və İstiqlal mübarizəsinə başlamış Şirvanşahlar dövlətinin yeni Lideri Keyqubad Adil (Şeyx İbrahim ibn Sultan Məhəmmədin babası) cəmi 10 il (1335-1345-ci illər) azadlığına və istiqlalına qovuşmuş bu ölkədə tolerantlıq üçün də yeni zəmin yaratdı. Dilindən və dinindən asılı olmayaraq, bu ölkədə yaşayanların hamısı üçün Şirvanlılıq ruhu ümumi mənəviyyat dəyəri qazandı. Çünki bütün tarix boyu Azadlıq şirvanlılığın əsas məğzini və mahiyyətini təşkil etmişdir. Bu “azadlıq adasında” yəhudilik, müsəlmanlıq və ya məsihilik deyilən heç bir daxili ayrı-seçkilik heç zaman olmamışdır. Məhz şirvanlı memarın Monqol işğalında olan Moskva Knyazlığının paytaxt şəhəri Moskvada “ağdaşlı Kreml”in tikintisinə rəhbərlik etməsi dediklərimi əyani sübut edir.
Əlbəttə, Monqol-tatar işğalları dövründən etibarən Xristian-alban yazılı mənbələrində “Şirvan” terminini “Alban” adının əvəzləməsi heç də Şirvanşahlar dövlətinin “Albaniya”ya çevrilməsi demək deyildi. 861-ci ildən 1558-ci ilədək sürmüş müsəlman Şirvanşahlar dövlətinin tarixi varlığı bunu əyani təsdiqləyir.
Səfəvilər hakimiyyəti dövründən etibarən bütün Qərb tarixşünasları və çoğrafiyaçıları Cənub qonşumuzu İran deyil, “PERSİYA” adlandırıblar... Hansısa “Parsua” vilayətinin adını son iki yüz ildə tez-tez dilə salıb, bu qədim ölkənin ümumi adına çevirmişlər. Mən nə bir İslam tarixçisinin, nə də İran ziyalısının dilindən “Rersiya” sözünü eşitməmişəm.
“Persiya”adlanan şey, ilk dəfə fars-tacik şairi Ə.Fidovsinin dilindən çıxmış “İRAN dövləti” olduğu kimi, Şirvan haqqında bütün bu “albaniya” (aqvaniya, arraniya...) deyilənlər də Şirvanşahlar dövlətindən başqa bir şey deyildir!
4. Şirvanşahlar dövləti və İslam fütuhatı.
Şirvanşahlıq xalqımızın şahanəlik qürurudur... Tarix də o üzdən yalnız əsalətin və nəcabətin tarixi olaraq qalır. Bu gün Avrasiyada ən iri geosistem hələlik Rusiya dövlətidir. 861-ci il müsəlman Şirvanşahlar dövlətinin, 862-ci il isə bütpərəst (ruslar xristianlığı X əsrin sonu qəbul etmişlər) Rusiya dövlətinin yaranma tarixidir.
Görkəmli şərqşünas-alim Sara Aşurbəyli “Şirvanşahlar dövləti” kitabında belə qeyd edir: “XIII əsr görkəmli İslam tarixçisi Rəşidəddin (1247-1318) məşhur “Məktubat” əsərində yazırdı: “Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır... Artıq 2000 ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur.” (Bax, S.Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiyapress, Bakı-2006., səh.:-50). Sara xanım həmin “Məktubat”dan stat gətirir ki, Qafqazın ərəblər tərəfindən işğalı zamanı Dərbənd hakimi Şirvanşah Şəhriyar onlarla qarşılıqlı sülh imzalayır. Onun bəyanatında deyilir: “Mənim nə... dağlılar, nə də ermənilərlə heç bir əlaqəm yoxdur. Siz (yəni ərəblər-N.A.) mənim ölkəmi və xalqımı işğal etmişsiniz”. (S.Aşurbəyli. Göst. əsər, səh.:-55).
Ərəblər Şirvanı xəlifə Osmanın dövründə, 642/643-ci ildə fəth etmişlər. Deməli, Sasanilərin Şirvanşahlardan qoparıb, Mehranilərə bağışladığı ərazilərdə Roma tarixçilərinin qədim yunan və latın termini kimi ortaya atdıqları “Albaniya” və ya Arran söhbətləri maddi əsası olmayan folk-istorizmdən savayı bir şey deyil. İndi də AMEA Tarix İnstitutunun 7 cildlik “Azərbaycan tarixi”(Bakı, Elm, 2006) elmi əsərinin II cildinə baxaq: “... Xəlifə Ömər sərkərdələrindən... köməyə göndərdi... Son zərbəni Salmanın (ibn Rəbiənin-N.A.) dəstəsi endirməli idi. Bu zaman Dərbəndin hakimi... qədim nəslə mənsub olan Şəhriyar (və ya Şəhribürz.- N.A.) idi” (Bax, Göst. kitab, səh.: 175). Deməli hər iki elmi mənbədə eyni hökmdardan- Şirvanşah Şəhriyardan söhbət gedir. Bu FAKT ərəb işğalına qədərki dövrdə indiki Azərbaycan ərazisində Şirvanşalıq adlı tarixi siyasi-inzibati qurumun mövcudluğunu qəti təsdiq edir.
Şirvan bütün zamanlarda tarixi möhtəşəmliyi ilə nəzərləri özünə cəlb etmişdir. Və bu cazibə heç bir vaxt itməyəcək gücdə olub, olaraq qalır!.. Azərbaycanın akademik nəşri yazır: “Gürcü salnaməsi” (“Kартлис Цховреба”.Gürcüstanın tarixi.-Red.) 1191/1192-ci ilə qədər Şirvanşah kimi hakimiyyətdə olmuş Axsitanı “Movakan (-Muğan), Şirvan və Dərbənddən Xalxaladək (Ərdəbil yaxınlığında) dəniz sahili vilayətlərin hökmdarı” kimi qələmə verir”. (Bax: “Azərbaycan tarixi”.Elm, Bakı-2007-ci il, 7 cilddə, II cild, səh. 351). Deməli, Şirvanşahlar Dövlətinin hər bir tarixi hökmdar siması yalnız epoxal xarakterli olmuşdur. Şirvanda Sözün azadlığı ilə Hökmdarın hökmü arasında nə qədər konflikt ortaya çıxsa da, Axsitandan sonra ( ondan başlayaraq) heç bir vaxt şair edamına və həbsinə imza atılmamışdır. Bu da səbəbsiz deyildir. Çünki qədim Şirvanda daim şair “müqəddəs ozan” sayılmış, Sözə də qutsal dəyər verilmişdir.
Heç şübhəsiz ki, bütpərəst Çingiz xanla başlamış Monqol-tatar yürüşləri az sonra onun oğul və nəvələri tərəfindən xristian-nəsturi məzhəbli açıq Xaç yürüşünə çevrilmiş oldu. Bu proses monqolların Ain-Cəlutda Misir Qıpçaq Müsəlman Dövləti – Dövləti it-Türkiyə (Sultan Baybars) tərərəfindən ilk dəfə tarixi məğlubiyyətə uğramasınadək davam etmişdir. Bundan sonra Ordunun başını yenidən “Dəşti-Qıpçaq”a çevirən Monqol xanları bu əraziləri və xalqları tamamilə işğala məruz qoydular.
Lakin Dəşti-Qıpçaq xalqlarının tarixi inkişafına üç əsr əngəl törətmiş Monqol xanlarının QARIN ORDASI, nəhayət, labüd axirətinə üz qoydu: XV əsrin II yarısından etibarən baş qaldıran və XVI əsrdən etibarən Monqol-tatar xanlarını yenən ruslar paytaxt Moskva ətrafında güclü Mərkəzləşdirilmiş Dövlət yarada bildilər. 1552-ci ildə Kazan, 1556-cı ildə Hacı Tərxan (Astarxan), 1556-cı ilədək Orta və Aşağı Volqa ətrafı, 1598-ci ildə Sibir xanlığı, XVII əsrdə Noqayların Kiçik Sarayı Rusiyayaya birləşdirildi. Bu da bədəvi həyat sürən monqolluğun tarixi yekunu oldu.
Belə bir tarixi şəraitdə müsəlman Şirvanşahlar dövləti öz siyasi varlığını qoruyub saxlamaq üçün aramsız siyasi-ideoloji mübarizə aparırdı. Deməli, orta əsr Şirvanında klassik İslam mədəniyyətinə qarşı Monqol-tatar əşirətləri sayılan Qara qoyunlu və Ağ qoyunlu türkmən-tatar tayfalarının özləri ilə Qafqaza gətirdikləri “Kitabi-Dədəm Qorqud” dastanlarında üz-üzə qoyulmuş Qıpçaq Məlik ilə Oğuz Qazan xan haqqında tarixi süjetlər şirvan xalqının hədəri mədəniyyətini, klassik simasını əridib yox etməyə hesablanmışdı. Hər iki tayfanın Qafqaza monqollar tərəfindən gətirildiyi məlumdur. Bu dastanın baş qəhrəmanı, əslində, kimdir? Qazan xan adının daha çox bir Monqol noyanının adını xatırlatması unudulmamalıdır. Yeri gəlmişkən, Tarixdə iki Qazan xan olmuşdur. Bunlardan biri Hülaki-çobani tatarlarından sayılan Qazan xan (-1295-1304), digəri isə Cığatay Ulusundan, Batı xanın nəslindən olan Qazan xan (1301-1346: ona bəzən Qazan-Teymur xan da deyilir) idi. Qazan xan ünlü monqol-cığatay hökmdarı Özbək xanın (1313-1341) qardaşı olub. Həm Qazan xan, həm qardaşı Özbək xan, həm də sonuncunun oğlu Canı bəy xan (1342-1357) qətiyyətli müsəlmanlar olmaqla, əhli-sünnət müsəlman Şirvanşahların ən yaxın dostu və Hülaki-çobanilərə qarşı mübarizədə müttəfiqləri idilər. “Kitabi-Dədə Qorqud”a gəldikdə, onun əslinin bir monqol folkloru- “Sudrın çuulqan” (-Salnamələr toplusu) olduğu unudulmamalıdır. Əsli monqolca yazılmış bu kitab, əslində, kökü Azərbaycan atabəylərindən olan məşhur həmədanlı türk-qıpçaq tarixçi Rəşid əd-Din Fəzlullah Həmədaninin (-1247-1318) farscası daha geniş yayılmış “Cəmi ət-təvarix” əsəri idi. Bu kitab elxani-monqol Qazan xanının tapşırığı ilə Baş Vəzir Rəşid əd-Dinə yazdırılmışdı. 1301-ci ildə Xan öz Vəziri və şəxsi həkimi Rəşid əd-Din Həmədaniyə Monqol xalqının tarixini yazmağı, bu barədə mövcud olan bütün mənbələri bir yerə toplayıb vahid bir kitab halına salmağı əmr edir. Odur ki, bu əsərə eyni zamanda “Tarix-i Qazan” da deyilir. Əsər 1311-ci ildə, yəni 10 ilə yazılıb başa çatdırılmışdır.
Deməli, üzərində Çar müstəmləkəçiliyi və Sovet hakimiyyəti illərində xeyli folk-istorizmlər qurulmuş, paralel tarixlər quraşdırılmış və xüsusi elm sahəsi kimi “oğuzşünaslıq” icad edilmiş bu folklorun klassik Şirvan mədəniyyətinə aidiyyətinin olmaması təəccüb doğurmamalıdır. XII əsrdə Şirvanşah III Məniçöhrün (ismin izahı “ay üzlü” deməkdir) Şamaxı Sarayında əsrin ən güclü Mədəniyyət mərkəzi yaradılmışdı. Yazılı klassik ədəbiyyatın ən qüdrətli dühaları- Əbül Üla Gəncəvi, Məhəmməd Fələki, İbrahim Xaqani, İzzətdin Şirvani, Mücirəddin Beyləqani məhz bu Sarayda fəaliyyət göstərirdilər.
“Kitabi-Dədə Qorqud” dastanlarında kafir Qıpçaq Məlik ilə müsəlman Qazan xan arasında gedən müharibə səhnələrinin Şirvanda baş verməsi diqqəti çəkən tarixi faktdır. Burada kafir-müsəlman savaşına 642-643-cü illərdən İslamiyyəti qəbul etmiş ilkin Şirvanşahların qarışmaması səbəbsiz deyil. Çünki Monqol işğalları dövründə artıq ilkin Şirvanşahları ərəb kökənli Şirvanşahlar (əslində canişinlər) tamamilə əvəz etmişdilər. Deməli, Şirvanda tolerantizm müvəqqəti də olsa, aradan qalxmışdı. Monqol-tatar istilası dövründə isə şirvan xalqı siyasiləşdirilərək iki siyasi-dini cəbhəyə bölünmüşdü: monqollara qoşulmuş məsihi qıpçaqlara və müsəlman türk və qeyri-türk oboregenlərə. Dastanda Monqol-tatar tayfalarının “OĞUZ” tayfaları adı altında Xristian Qıpçaq Məliklə apardığı savaşlar tarixi əsası olmayan folk-istorizmdən savayı bir şey deyil. Çünki Monqol xanları ilk yürüş mərhələsində özlərinin ağ və qara tatar ətrafı ilə birgə anti-İslam cəbhəni təşkil etmişdilər. Belə ki, XIII əsrdə qədim Şirvan ərazilərində yüksək vüsət almış kilsə tikintiləri bunu qəti sübut edir. Odur ki, qonşu Dəşti-Qıpçaq (indiki Rusiya), Gürcüstan (qıpçaq türkləri), Sa-Atabaqo (Xristian Atabəylər dövləti) qıpçaq türkləri və Monqol-Hülakilərin çobani-padar, cəlairi, ağ və qara tatar tayfaları arasında İslam təbliğatının aparılması, əsasən, Şirvan ülama və ilahiyyatçılarının üzərinə düşmüşdü. Güclü oturaq hədəri mədəniyyətin varisi olan Şirvan ziyalı elitası bu tarixi vəzifənin öhdəsindən layiqincə gələ bildi. Monqol cildindən çıxarılmış “Kitabi-Dədə Qorqud” dastanlarının sonrakı İslami məzmunu da bu faktın əyani təsdiqidir.
Məhəmmədəmin Rəsulzadə 1909-1912-ci illərdə İranda və Osmanlı Türkiyəsində dərc etdiyi “İran türkləri” adl silsilə məqalələrində İranda özlərini “türk” adlandıran tayfaların böyük əksəriyyətinin Monqol-tatar Ordası tərkibində gəlib, bu ərazilərdə yerləşdiyini bildirir. Məsələn, “İlat-i Hamse-i Fars” adlanan Azərbaycandan kənar tayfaların, Kaşqaylarla birgə, “kendi iddialarınca, Çingiz xan neslinden gelen Türk ili” (Bax, Göst.əsər. Səh.: 39) olduqları bildirilir. O cümlədən, “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən “Bayandur” və digər “türkmən”, həmçinin “Qacar” tayfalarının Monqol-tatar əşirətləri olmasını irəli sürür. Əlbəttə, bunlar inkar edilməz tarixi faktdır. “İlxanilik” və ya “xanlıq” idarəçiliyinə daha çox bağlı olan bu zümrələr İrandakı ağ türklərə, yəni Səlcuqilərə qarşı daim aqressiv qüvvə kimi çıxış etmişlər. Səfəvi tarixi göstərir ki, bəzi istisnalarla, Səfəviyyə İranda və Şirvanda apardığı tiranlıq və pepressiya siyasətində də məhz sözügedən Monqol-tatar əşirətlərinə- ağ və qaraqoyunlulara söykənərək hərəkət etmişdir. 1501-1502-ci illərdə Təbriz şəhərinin işğalı zamanı I Şah İsmayıl Səfəvi bu şəhərin üçdə ikisi olan sünni məzhəb türklərin tən yarısını edam, üləmaların isə, demək olar, hamısını məscid minarələrindən başı aşağı atdıraraq məhv eləmişdi. Səfəvi bayrağı altında rəfizilik İranda belə zəfər çalmışdır.
Səfəviyyənin hakimiyyətinə qədər müsəlman Asiya xalqları arasında dərin dini ixtilaflar üçün tam zəmin yaradılmışdı. XIV əsrdən etibarən yeni nəsil Şirvanşahlar elitası bütün diqqətini monqolların müsəlmanlaşdırılmasına vermişdilər. Bu isə sıradan adi hal deyil, böyük geopolitik oyunun tərkib hissəsi idi. Lakin bunun əvəzində həmin dövrdə Şirvan dövlətinin varlığına son qoymağa çalışan irtica qüvvələrin bayraqdarı sayılan və hakimiyyət üstündə İranda və Kiçik Asiyada bir-birini öldürən ağ və qaraqoyunluların (ağ və qara tatarların) İslam dünyasına Səlib yürüşü açmış Xristian ölkələlər ilə sıx yaxınlaşdıqlarının şahidi oluruq. Bayandur tayfasından olan ağqoyunlu Uzun Həsən bölgədə geosiyasi vəziyyəti öz xeyrinə dəyişmək üçün Xilafət Türkiyəsi əleyhinə gedərək Venesiya Respublikası, Böyük Moskva Knyazlığı, Polşa, Avstriya, Macarıstan, Çexiya, Almaniya, Vatikan, Burqundiya, Neopolitan Krallığı, Rodos, Kipr və digər xristian dövlətlərindən ibarət hərbi koalisiya yaratmağa can atır, Qızıl Orda, Qaraman bəyliyi, Misir və Hindistan Müsəlman dövlətlərini də Osmanlılar əleyhinə qaldırmağa çalışırdı. O, Trapezund (Trabzon) qeysərinin qızı Despinə ilə evlənmişdi. Anası Sara xatunu Sultana vasitəçi salaraq, nəyin bahasına olursa olsun, Trapezundun müstəqilliyini qoruyub saxlamaq istəyirdi. Eyni zamanda, Uzun Həsən Despinə xatundan olan qızı Martanı (Aləmşah bəyimi) Səfəvi dərvişi Şeyx Cüneydin oğlu Şeyx Heydərə ərə vermişdi. Gələcək Səfəvi şahı İsmayıl da məhz bu qadının oğlu idi. Həmin dövrdə Ağ qoyunlular Şirvanşahlarla ikibaşlı siyasət yürüdürdülər. Şeyx Cüneydin və Şeyx Heydərin Şirvan ərazilərindən keçərək guya Tabasarana, çərkəzlər üzərinə yürüşlərinə icazənamələr verməklə, əslində, Səfəvilərin ŞAH taxtına çıxması üçün Şirvan Dövlətini qurbanlıq seçmişdilər...
Qaraqoyunlular da Ağqoyunlular kimi eyni geosiyasi planla hərəkət edirdilər. Məhz qaraqoyunlular, başda Qara Yusif olmaqla, Teymurilər sonrası İran dövlətinin ləğv edilərək Böyük Şirvan dövlətinə çevrilməsi yolunda ilk mane kimi ortaya çıxdılar, Şirvanşah Şeyx İbrahim Dərbəndinin 1406-cı ilin 22 Mayda, de-yure və de-fakto, gerçəkləşdirdiyi Böyük Şirvan dövlətini iflasa uğratdılar. Deməli, hər iki tatar tayfası Qərbin xaçpərəst qüvvələrinin əlində mariyenet rolunu oynayırdılar. Momqol-tatar tayfalarının relikt hissəsi olan Qaraqoyunluların hökmdarı Cahan şahın (1436-1467) da eyni siyasi gedişləri əldə rəhbər tutaraq, erməni katolizminin mərkəzini Qafqaza köçürməsi dediyimizə əyani sübutdur. Məhz qaraqoyunlu Cahan şah erməni kilsə mərkəzini 1441-ci ildə Eçmədzinə köçürmüşdür. XXI əsrdə Azərbaycan əhalisini “erməni-müsəlman düşmənçiliyi” kimi absurt mülahizələrlə müharibə meydanına çəkmiş bəzi “liderlər” öz tarixi əcdadlarının “əməllərindən” nədənsə xəbərsiz görünürlər?!.
Erməni salnaməçisi Arakel Davrijetsi bununla bağlı olaraq yazırdı: “ Hökmdar Cahan şah və şahbanu Bəyim xatun onu (yəni erməni patriarxı Zəkəriyyəni-N.A.) böyük hörmətlə qarşılayıb, şərəfinə ziyafət təşkil etdilər... O (yəni keşiş Zəkəriyyə), Tanrının və həvarilərin təsviri olan taxt-taca çıxdı, kainatın bütün guşələrində yaşayan xristian xalqının patriarxı oldu” (Bax, Adıgözəl Məmmədov. “Qaraqoyunlu Cahan şahın qara kabusu...” məq., “Bizim yol” qəzeti, 18 fevral 2020-ci il). Beləcə, qədim massaget-zəngi türk diyarı Ərməniyyənin haylaşdırılmasına start verildi...
Şirvan şahlarının İslami dəyərlər uğrunda şəhadət salnaməsi parlaq səhifələrlə zəngindir. Çingiz xanın dördüncü oğlu Tulunun nəslindən Xabulay (1260-1294) Çində “Yuan imperiyası” yaratmışdı. 1258-ci ildə isə İslam-Abbasi xilafətini yer üzündən silmiş xristian Hülakinin törəmələri gah xristianları müdafiə edərək, müsəlmanları qırır (Arqun xan və onun arvadı Tokkuz xatun kimi), gah da İslamı qəbul edərək, Bakıda “Axsitan məscidi”nin (Bibi-Heybət məscidinin-N.A..) ziyarətinə gəlirdi: Olcaytu xan kimi... Bu dövrdə Hülakü tərəfindən azadlıqsevərliyinə görə edam edilmiş Şirvanşah II Axsitan ibn III Fəribürzün (1243-1260) oğlu Şirvanşah II Fərruxzad (1260-1282) hakimiyyətdə olmuşdur. Şirvan şahları içərisində uzaqgörənliyi və şəxsi cəsarətilə xüsusi seçilən və Vətən uğrunda şəhid edilən II Axsitan ibn III Fəribürz 1256-cı ildə əl-Əmud qalası üzərinə xaşxaşı ordeninə savaşa gedən Monqol ordusuna hərbi kömək göstərmiş İraq, Xorasan, Azərbaycan, Arran, Gürcüstan feodalları kimi öz məlikləri, sədr və əyanları ilə birgə Hülaki xanın Qərargahında olmuşdur. Lakin buna baxmayaraq, Hülaki onun şücaətindən qorxaraq, sonradan bu gənc cəsur Şirvan hökmdarını da edam etdirmişdir. Monqol-tatarların mədəni-ellinist ölkələrə qarşı bədəvi-köçəri təcavüz siyasətinin kiçik bir ponaramına baxsaq, həmin dövrlərin “albançılığının” hansı zəmində göyərdiyini aydın görərik. 1235-ci ildə Böyük El Qurultayı tərəfindən Monqol ordusunun rəisi təyin edilən Batı xana bütün azad Avrasiya xalqlarını- qıpçaq, rus, bulqar, macar, başqırd, alan və b.-nı tam əsarətə almaq qərarı verilir. Məhz bu dönəmdə müsəlman Şirvanşahlar dövlətinin dini elitası xristian monqol elitasına qarşı səfərbər edilir, monqol-tatar xanlarının İslam dinini qəbul etmələri istiqamətində açıq-gizli mübarizəyə başlayırlar.
Şirvan şəhəri Bakının İçqala divarlarını- İçərişəhəri heyvan tövləsinə çevirmiş nestorian Hülaki xanın siyasətini davam etdirmiş varisi Abaqa xanın (1265-1282-ci illər) hakimiyyəti dövründə “yazılıb” ortaya atılmış “qədim erməni dilli” (?!) “Albaniya tarixi”nin əldə qalan ilk əlyazması bugünəcən Şirvanşünaslığa qarşı “Albanşünaslığı” ortaya atanların ən tutarlı “arqumenti” sayılır. Amma kimsə məsihi monqol xanlarının sonradan necə müsəlmanlaşdırılmasını dilə gətirmək istəmir.
Tarixin bütün sonrakı gedişatı göstərdi ki, monqol-tatar istilası zəminində şirvan xalqı heç də öz tarixi simasını itirmədi: nə monqol-tatar, nə qara qoyunlu-ağ qoyunlu yürüşləri, nə də Səfəvi işğalı bu qutsal simanı dəyişə bildi. Tarix sübut etdi ki, Şirvan nə coğragi sahə, nə inzibati obyekt, nə də tarixi mübahisə mənbəyidir. ŞİRVAN heç bir təcavüzkar gücə və zorakılığa boyun əyməyən tarixi mənəviyyatdır. Bu, ilk növbədə onun qədimliyi, tarixi mədəniyyəti və dövlətçiliyilə bağlıdır.
XIX əsr Azərbaycan tarixşünaslığının ilk ən böyük nümayəndəsi Abbasqulu ağa Bakıxanovun “Gülüstan-i İrəm”(əslində “Şirvanın və Dağıstanın tarixi”-N.A.) əsəri ilə bağlı hələ 1925-ci ildə Parisdə olan Ceyhun bəy Hacıbəyli Asiya Cəmiyyətinin iclasında məlumat vermişdi ki, bu əsərin 320 səhifəlik rus dilində tərcüməsini əldə etmişdir: «Этот русский перевод имеет заглавие «История Ширвана и Дагестана» (Bax, “Гюлистан-и Ирам”Баку, 1991. Akad. Ziya Bünyadovun Ön Sözü, səh.: 6-7.) Həmin əsərdə A.Bakıxanovun özü də çox maraqlı mülahizələr irəıli sürərək yazırdı: “В 115 (734) г. Хишам назначил для управления Арменией, Азербайджаном и Ширваном своего брата...”(Bax, Göst. əsər, səh.: 56-57). Və ya: “После смерти Хулагу-хана в 663 (1265) г. наследовал его сын Абака-хан, который передал управление Азербайджаном, Арменией и Ширваном своему брату Йош-муту” (Bax, Göst. əsər, səh.: 74-75). Göründüyü kimi, A.Bakıxanov QƏDİM VƏ ORTA ƏSRLƏR dövründə Şirvan ilə Azərbaycanı fərqli adlarla təqdim etmişdir. Bu gün sevimli “Azərbaycan” adı Milli cümhuriyyətçiliyimizin tək ünvanı olsa da, şanlı keçmişimizi də gərək unutmayaq. Bu gün biz “Şirvanşahlar” adını tatixdən silməklə yalnız düşmən dəyirmanına su tökə bilərik... Tarixçi-ədib yazır: “Албания получила свое название от римлян слово Альбус, Алби (белый)... в смысле «свободный»”(Səh.: 17-18). «Белый» (ağ) sözünü Belorusiya adı ilə müqayisə edərək, Bakıxanov onun “azad” mənasını daşıdığını da irəli sürür. Monqol işğalından kənarda qalmış ölkə kimi Belarusiyanın azad Rusiya adını daşıdığı şübhə doğurmur. Şirvan şahlığının azadlıq ölkəsi kimi Albuslaşdırılması (Albaniyalaşdırılması) Qədim Roma üçün başa düşüləndir. Bu faktın özü də Şirvanın AZADLIQ DİYARI olmasının tarixi təsdiqidir. Amma bəzi çağdaş Azərbaycan tarixçilərinin ilkin Şirvanşahları tarixdən silmək cəhdləri açıq-aşkar xalqa xəyanətdən başqa bir şey deyil. A.Bakıxanov “aqvan” sözünün yanında bir qayda olaraq, mötərizə içərisində “Şirvan” sözünü də işlədir. (Bax, səh.: 42-43). Çünki alimə görə: “М.Чамчыян в «Армянской истории» Ширван называет Агваном”(Bax, Göst. əsər, səh.: 11-12). Deməli, albaniya, aqvan və s. adlarının nə üçün Şirvan sözünün əvəzində işlədilməsinin bir səbəbi bəlli oldu... “Ağ ölkə”, “Azad diyar” və ya “Ağvan” kimi qərb terminologiyasının Rusiyada nə qədər möhkəm oturuşmasına misal olaraq, Mərkəzləşmiş Moskva knyazlarının XV əsrdə Şirvanşahları diplomatik sənədlərdə və xitabatda “Ağ xan” adlandırmaları xüsusi diqqətə layiqdir (Bax. “Azərbaycan tarixi”. I cild, Azərnəşr, Bakı-1994, səh.: 386).
Araz çayının qüzeyindən Dəmir Dərbəndə kimi qutsal vətən torpaqlarımızın qədim keçmişi Şirvanşahlığın mənəvi nüfuz sahəsidir. Məhz bu tarixi faktı nəzərə alaraq, dahi şairimiz Nizami Gəncəvi (yeri gəlmişkən, möhtərəm Prezidentimiz İlham Əliyev bu ili Nizani Gəncəvi İli elan etmişdir!) məşhur “İsgəndərnamə” (Zəfərnamə) poemasının “İsgəndərin Dərbənd qalasını alması” fəslində düzgün olaraq, Şirvan xalqının tarixi vətənini nə müasir saxtakar erməni və ermənipərəst tarixçilərin, nə də qədim yunan və roma tarixçilərinin qondarma mifoloji “Albaniya” termini ilə deyil, tarixdə olduğu kimi, yəni “Şirvan” adlandırmışdır:
-Bu çətin yollarda heç yorulmadan
Ovçu aslan kimi keçdi Şirvandan.
Açaraq öz istək qol-qanadını,
Oradan Dərbəndə sürdü atını...
(N.Gəncəvi. Göst. əsər. Lider nəşriyyatı, Bakı-2004, səh.: 231)

Yekun olaraq, demək istəyirəm ki, gətirdiyim bütün bu və ya digər faktlar qəti sübut edir: albanşünaslıq adlanan bir elm sahəsi yoxdur: Şirvanşahlar rarixi vardır, Şirvanşünaslıq vardır!

İstifadə edilmiş ədəbiyyat:

1. Sara Aşurbəyli. “Şirvanşahlar dövləti”. Avrasiyapress, Bakı-2006.
2. Xaqani Şirvani. Seçilmiş əsərləri, Lider nəşriyyatı, Bakı-2004.
3. Nizami Gəncəvi. “İsgəndərnamə”. Lider nəşriyyatı, Bakı-2004.
4. M. Şəhriyar.”Yalan dünya”, AE nəşri, Bakı-1993.
5. Səməd Vurğun. “Bakının dastanı”. Seç. əsərləri. II cild. Poemalar. Azərnəşr. Bakı-1976.
6. Abbasqulu ağa Bakıxanov. “Гюлистан-и Ирам” (История Ширвана и Дагестана), Баку-1991.
7. Минорский В.Ф. «История Ширвана и Дербенда X-XI веков». Изд.-во восточной литературы. Москва-1963.
8. Фарида Мамедова. “Кавказская Албания и aлбаны”. Баку-2005.
9. “Azərbaycan tarixi”. Dərslik. BDU. Çıraq nəşriyyatı. Bakı-2009.
10. “Azərbaycan tarixi”. Elm, Bakı-2007-ci il.
11. “Azərbaycan tarixi”. I cild, Azərnəşr, Bakı-1994.
12. Moisey Kalankatuklu. “Albaniya tarixi”. Akad. Ziya Bünyadovun tərcüməsində. Avrasiya Press” nəşriyyatı. Bakı- 2006-cı il.
13. M.S.Mitin. “Белая Русь. Хроника употробления термина”. Институт белорусской истории и культуры. Рига-2017.
14. Mehmed Emin Resulzade. İran türkleri. Türk Dünyası Araştırmalar Vakfı. İstanbul -1993.
15. Doktor Cavad Heyət. “Azərbaycan ədəbiyyatına bir baxış”. Yazıçı. Bakı-1993.
16. Gülçöhrə Məmmədova. Səbinə Hacıyeva. “Qədim və erkən orta əsrlər dövründə Azərbaycan memarlığı”. Şərq-Qərb nəşriyyat evi. Bakı-2013.
17. Adıgözəl Məmmədov. “Qaraqoyunlu Cahan şahın qara kabusu...” məq., “Bizim yol” qəzeti, 18 fevral 2020-ci il.

AtaTv.az Xəbər Portalı.
İctimai Xəbər Agentliyi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 181}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı