ixatv.az

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış

5-02-2021, 22:20

Namiq Atabəyli.
(Yazıçı: tarixi romanlar müəllifi, tənqidçi)
E-MAIL: farajovnamiq@ gmail.com

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış
I HİSSƏ
Problemin qoyuluşu:

1. Şirvanşahlar dövləti xalqımızın Azadlıq və İstiqlal simvolu kimi.
2. Tarixi keçmişə yeni baxış: Albanşünaslıq, yoxsa Şirvanşünaslıq?!
3. Şirvanşahlar dövləti və məsihilik.
4. Şirvanşahlar dövləti və İslam mədəniyyəti.

1. Şirvanşahlar dövləti xalqımızın Azadlıq və İstiqlal simvolu kimi.

Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış
Azərbaycanın antik və orta əsrlər sinifli cəmiyyət tarixinə diqqətlə nəzər yetirdikə Kuti, Manna, Midiya, Atropetena (Adərbayqan), Albaniya kimi adları görürük.
Dövlət institutu, ilk növbədə, ərazi, hakimiyyət və əhali deməkdir. Ümumbəşəri təkamül tarixi üç mədəniyyət epoxasını tanıyır: birincisi, yığıcı və ovçu mədəniyyəti, ikincisi, aqrar mədəniyyət, üçüncüsü isə, elmi-texniki mədəniyyət. Hal-hazırda hökm sürən kiberinkişaf dövrü da, prinsipcə, məhz son mərhələnin postsənaye davamından ibarətdir. Aqrar epoxanın isə özlüyündə 4 inkişaf mərhəlisi qeyd edilir: 1) xırda dövlətlər dövrü (e.ə. 8000 -e.ə. 3500), 2) qədim imperiyalar dövrü (e.ə. 3500- e.ə.600), 3) antik dövlətlər dövrü (e.ə.600- b.e. 500) və nəhayət, 4) Avropa hökmranlığı dövrü (b.e.500-b.e.1750). Sonuncu mədəniyyət epoxasını- Elmi-texniki tərəqqi tarixini - mövzumuza aid olmadığı üçün şərti olaraq bir kənara qoyaq.
Tarixin şirvan xalqının qədim mədəniyyəti ilə bağlı səhifələrinə nəzər yetirək. Müasir tarixşünaslığa istinad etsək (?!), Şirvanşahlar dövləti yalnız ilkin Orta əsrlərin müstəqil feodal dövlətlərindən biri kimi 861-ci ildən ortaya çıxır... Bunun nə dərəcədə doğru-dürüst elmi yanaşma olması mübahisəlidir. Əvvəla, Ərəb İslam cihadının ilk dalğası, bildiyimiz kimi, şirvan xalqından da kənar ötüşməmişdir. “Şirvanşahlar tarixi” elmi əsərinin müəllifi Sara Aşurbəylinin sözügedən kitabında maraqlı açıqlama var: “XIII əsr görkəmli İslam tarixçisi Rəşidəddin (1247-1318) məşhur “Məktubat” əsərində yazırdı: “Şirvanşahlar Dərbənd hökmdarları nəslindən olan qədim xanədandır... Artıq 2000 ilə yaxındır ki, sultan taxtı onların nəslinə məxsusdur.” (Bax, S.Aşurbəyli. Şirvanşahlar dövləti. Avrasiyapress, Bakı-2006., səh.:-50). Sara xanım həmin “Məktubat”dan belə bir fakt gətirir ki, Qafqazın ərəblər tərəfindən işğalı zamanı Dərbənd hakimi Şirvanşah Şəhriyar onlarla qarşılıqlı sülh imzalayır. Onun bəyanatında deyilir: “Mənim nə... dağlılar, nə də ermənilərlə heç bir əlaqəm yoxdur. Siz (yəni ərəblər-N.A.) mənim ölkəmi və xalqımı işğal etmişsiniz”. (S.Aşurbəyli. Göst. əsər, səh.:-55).
Nəzərə alsaq ki, Ərəblər Şirvanı xəlifə Osmanın dövründə, 642-643-ci illərdə fəth etmişlər, onda qəbul etmək lazımdır ki, Xilafət Arazın şimalında yalnız bir dövlət qurumunu, de-yure və de-fakto, tanımış, onunla da tarixi anlaşma bağlamışlar. Bu, qeyri-islami, politeist, oturaq cəmiyyət qədim şirvan xalqı idi və onun rəhbərliyində sonradan İslamiyyəti Sülh yolu ilə qəbul edən ilkin Şirvanşahlar titulunun daşıyıcısı olmuş siyasi elita durmuşdur.
Müasir siyasi tarixşünaslıq bu dövrdə eyni ərazi, əhali və hakimiyyət daxilində iki müxtəlif mədəniyyət və iki fərqli dövlət ortaya çıxarmışdır: müsəlman Şirvanşahlar və xristian Albaniya. Bunun ziddiyyətli bir şey olması ilk baxışdan nəzərə çarpır...
Bunun nədən belə alınmasına gəldikdə, etiraf etmək lazım gəlir ki, bu həmin eyni ərazi-əhali və hakimiyyətə iki müxtəlif siyasi-ideoloji yanaşmanın nəticəsidir. Şirvanşahlar tarixinə rekonstruktiv-mental münasibətimizin də əsas səbəbi məhz budur. İki fərqli mövqe arasından əsl Həqiqəti ortaya çıxarmaq üçün tarixin fəlsəfəsinə müraciət etmək lazımdır.
Müasir planetar ideoloji böhran bütün dünya xalqlarını öz keçmişinə yeni nəzərlə baxmağa sövq edir. Türkiyə Osmanlı, Rusiya Çarlıq keçmişinin mədəni dəyərlərinə yeni qayıdış yolundadır. Arnold Toynbi “Mədəniyyət sınaq qarşısında” (1948) və “Tarixin dərki” (1930-50-ci illər) əsərlərində sübut etdi ki, bizim tarixi üfiqlərimiz zaman və məkanca nə qədər genişlənsə də, tarixi baxışlarımız bir o qədər daralmışdır. Odur ki, bəşərin təkamül tarixinin düzgün dərk edilməsində keçmişin bir çox hadisələrinə yenidən elmi-tarixi qiymət verilməsinə böyük ehtiyac yaranmışdır.
Şirvanşahlar dövlətinin tarixində əsas saxtalaşdırma dövrü antik və orta əsrlər mərhələsidir. Yuxarıda qeyd etdiyimiz kimi, Antik dövlətlər mərhələsi e.ə. 600- b.e. 500-cü illəri əhatə edir. Bu dövr Zərdüşt, İsa, Budda və Konfutsinin adlarını tarixə həkk etmişdir. Arnold Toynbi Ümumbəşəri tarixi mədəniyyətlər silsiləsi kimi sıraya düzərkən, ilk yerdə İRAN MƏDƏNİYYƏTİni vermişdir. Məlumdur ki, “İran” sözü X əsr böyük fars-tacik şairi Əbülqasim Firdovsidən o tərəfə keçmir. “Şahnamə” poemasının özündə onun iki nəfər tərəfindən yazıldığı, sonuncunun yarımçıq əsəri tamamladığı qeyd olunur. Təbii sual doğur: əcəba daha sonra bu poemanın üzərində daha neçə əl gəzmişdir?!. Firdovsi poemanı İRAN-TURAN müharibələri sügeti üzərində qurmuşdur. Deməli, poemada qədim yunanların Troya-Mikena savaşlarının (“İlliada” üzrə) dublikatı çıxarılmışdır. Hal-hazırda əldə olan variantda Firdovsinin “Şahnamə”si görkəmli türk hökmdarı, qatı müsəlman Sultan Mahmud Qəznəvinin qarşısına qoyula bilməzdi. Çünki burada ərəb və türk xalqları barədə xeyli təhqiramiz ifadələr işlədilmişdir... 1923-cü ildə, heç şübhəsiz ki, İosif Stalin “Şahnamə”nin Moskvada hazırlanmış ən son variantını məhz bu ifadələrə görə qeyri-türk İran şahına taxta çıxmağı münasibətilə hədiyyə göndərmişdi.
Digər tərəfdən, 1970-ci ildə son İran şahının “İran dövlətinin 2500 illiyi” tədbirlərinə tökülüb gəlmiş Avropa əyan-əşrəfləri də artıq 200 ilə yaxın idi ki, bu ölkəni “Persiya” (Persua), paytaxtını isə “Persopol” adlandırırdılar. Və bu qondarma əsatiri tarixlə bağlı İranın heç bir canlı həyatı olmayan bir səhralığına yığışmışdılar. Deməli, Arnold Toynbi “İran mədəniyyəti” deyərkən, ilk növbədə, müasir Fars ədəbiyyatına ilk klassiki hesab edilən şirvanlı Baba Dağ Bakuvinin Avropaya səs salmış Divanınından çıxış etmişdir. İlk klassik fars poeziyası isə, heç şübhəsiz, İran deyil, Şirvan əsaslı bir mədəniyyət faktı idi.
Tarixin ilk saxtalaşdırıcısı sayılan Misir Fironu Böyük Ramzesin özünə qədərki qədim ehramlar üzərindən bütün isimləri və relyef səhnələrini pozdurub, öz adını əks etdirdiyi “əbədiyyət əbləhliyi” dövrü çoxdan geridə qalmışdır. Çağdaş iformasiyalı cəmiyyətdə bu cür cəhdlərin təkrarlanması tamamilə əbəsdir. Amma bunula belə, Tarix elmi sahəsində, təəssüf ki, elməbənzər mühakimələr üzərində qurulmuş ideoloji məqsədlər güdən saxta tarixşünaslıq, daha doğru folk-istorizmlər hələ də baş alıb gedir. Belə ideoloji təcavüzlərin ilk qurbanlarından biri də oturaq mədəniyyətiimizin mühim bir qismini təşkil edən qədim Şirvanşahlar dövləti və onun xalqıdır.
Antik epoxa 50 insan nəslini əhatə edir. Sokrat və Aristotelin idrak, İsgəndər və Sezarın isə hakimiyyət ehtirasları bu dövrün məhsulu olmuşdur. Bu ehtiraslardan yalnız biri əbədiyyət nişanəsidir: BİLİK! Bütün hakimiyyətlər isə zaman və məkanca məhduddur. Bilik ehtirasında bəşəriyyətə xidmət, hakimiyyət etirasında isə şəxsi ağalıq missiyası hökmfərmadır. Şirvan ziyalılarının antik nəslindən yalnız Troya dövrünə gedib çıxmış Mark Bakuvisin ismi məlumdur. Orta əsrlər dövrü Şərq maarifçiliyi ŞİRVANİLƏRİN sonsuz pleyadasını üzə çıxarmışdır. Türk-İslam dünyasının ilk Universiteti sayılan Bağdad “Nizamiyyə”sində (1066) müəllim heyətinin yarıdan çoxu “Şirvani” künyəsini daşımışlar. Şamaxılı Əbu Bəkr Məhəmməd Şirvani bu Universitetin ilk fiqh (hüquqşünaslıq) müəllimi olmuşdur. Qəvaməddin Nəsr Yunus ibn Mənsur ibn İbrahim əş-Şirvani Universitetin ən ünlü pedaqoqlarından biri idi. Şirvanlı filosoflardan Müəyyin əd-Din Əbül-Fəzl Bəxtiyar ibn Mühənna ibn Əbd ər-Rəhman əş-Şirvani Təbriz mədrəsələrində dərs deyirdi. Zəki ibn əl-Həsən ibn Ömər Əbu Əhməd əl-Beyləqani Dəməşqdə, İsgəndəriyyədə və Yəməndə elm-maarif sahəsində çalışırdı. Şəmsəddin Məhəmməd ibn Əhməd ibn Saleh əş-Şirvani Ərəb dünyasına fəlsəfi mühazirələr oxuyurdu. Görkəmli Şərq tarixçisi Yaqut Həməvinin əsərlərində Şirvan alimlərinin sonsuz siyahısı Şir tinətlilərin yalnız Qılınc və Qalxan tutmaqda deyil, elm sahəsində də böyük şücaətlərindən xəbər verir...
Əlbəttə, belə bir Dövlətin üzərinə zaman-zaman hücum çəkmiş ac, nadan, vəhşi köçəri sürülərinin əməllərində öz əməyinin sayəsində qarnını doyura bilməyənlərin instiktlərindən savayı hərəkətverici qüvvə axtarmaq çox gülünc görünür... Ən ağır işğal şərtləri altında belə şirvan xalqı şirvanlılığını qeyb etməmişdir. Şirvanşahlar dövlətinin tam süqutundan sonra bu ərazidə işğalçı Səfəvilər xanədanı tərəfindən XVI əsrin ortalarından etibarən vassal “Şirvan hakimliyi” və yaxud “Şirvan bəylərbəyliyi” yaradılmışdı. Yalnız Rusiya çar imperiyası bu ərazilərdə müxtəlif qubernatorluqlar yaratmaqla, Şirvan adını tarixdən itirmək siyasətinə al atmış, qədim şirvan xalqını “adurbadaqan tatarları”, ərazini isə bütövlükdə “adurbadaqan” adlandırmaqla ilk siyasi-coğrafi riyakarlığa başlamışdır.
Birinci rus inqilabının məğlubiyyətindən sonra İran ərazisinə qaçmağa məcbur olmuş Məhəmmədəmin Rəsulzadə 1909-1911-ci illərdə Böyük Britaniyanın İrandakı konsulluğunun maddi dəstəyilə İran Sosial Demokrat Partiyasının orqanı kimi Tehranda farsca nəşr etdiyi ”İran-i Nov” (baş redaktoru olmuşdur), habelə 1912-ci ildən İstanbulda “Türk Yurdu” adı ilə türkcə nəşr etdirdiyi qəzetlərdə İran və İran türklərilə bağlı dərc etdiyi silsilə məqalələrdə nədənsə “Şirvan” adının üzərindən tamamilə xətt çəkərək, məhz İranın (və bu coğrafiya içində Azərbaycanın) əsatirlərə söykənən “tarixi” əhatəsini böyütməyə çalışmışdır. Məsələn, “İran haqqında məqalələr” silsiləsinin ilk yazısı “İran nədir?” adlanırdı. Məqalədə oxuyuruq: “İran nedir ve neresidir? Acemistan diye yad edilen bu memleket... şarkdan: Çin hududuna, qarpdan: Afrikaya, Mısır ve Yunan sevahiline, şimalden: Bahr-i Hazar sevahil-i şimaliyyesine ve cenuptan: Hindistan sahillerine kadar yayılmış idi...” (Bax, Mehmed Emin Resulzade. İran türkleri. İstanbul-1993. Səh.: 46). Göründüyü kimi, bu coğrafiyada nəinki Şirvanşahlar, hətta Azərbaycan adında da bir coğrafi-siyasi məkan mövcud deyildir. Deməli, böyük türk lideri sözügedən dövrdə İgilislərdən İran Qacar dövlətini iflasa uğradıb, yerində “İran Respublikası” yaratmaq və qədim Şirvanı da bu coğrafiyanın içərisinə almağı planlaşdırıbmış??. Elə isə, Məhəmmədəmin Rəsulzadəyə görə, İran daxilindəki Azərbaycan “neresidir?” Həmin suala M.Ə.Rəsulzadə “İran türkləri-II” məqaləsində cavab verir: “İran türkleri denildigi zaman hatira Azerbaycan gelir... Azerbaycan, nüfusça, İranın en eski bir kıtasıdır. ” (Bax, Göst. əsər, səh.: 13). Məncə, bu fikirlərdə qaranlıq bir şey yoxdur. İranda Məşrutə (konstitusiyalı monarxiya) uğrunda mübarizə apararaq, nəticədə Qacar sülaləsinin fars-Pəhləvi sülaləsilə əvəz edilməsinə yol açmış Məhəmmədəmin Rəsulzadənin 1918-ci ildə nədən qədim Şirvan ölkəsini də “Azərbaycan Xalq Cümhuriyyəti” adlandırmasının əsl səbəbi beləcə aydın olur. Deməli, əgər “Azərbaycan” İranın ən əski bir qitəsidirsə, onda “Azərbaycan” adlandırılmış ŞİRVAN ölkəsi də, təbii ki, “İranın əski bir qitəsinə” çevrilmiş olur?!.
Bu cür tarixi nöqteyi-nəzərlə barışmaq, ilk növbədə, qədim azadlıqsevər şirvan xalqının anti-fars (antikəsrani) və antiərəb siyasi-ideoloji mübarizələr aparmış İbrahim Xaqani Şirvanilərinin ruhunu təhqir etmək demək olardı.
Şirvanın ziyali elitası ilə gəlmə siyasi qüvvələrin arasında daim kəskin mənəvi münaqişə olmuşdur. Bu ilk növbədə, intibah şairi İbrahim Əli oğlu Xaqani Şirvaninin yaradıcılığında özünün bariz ifadəsini tapmışdır. Şirvanda yadelli Kəsrani elitasının yürütdüyü İrani-fars şovinizminə münasibətdə Xaqani qürurla belə cavab vermişdir:
Məra der parsi fohşi ke quyənd,
Gərkeşan be torki ke “SƏNSƏN!”
(Tərcüməsi:
Məni farsca söyənə, fələklər türkcə deyər “SƏNSƏN!”).
Hakim ərəb siyasi elitasına qarşı isə şair heç nədən çəkinmədən açıq-aşkar öz xalqının mənəvi üstünlüyünü bəyan edirdi:
Şirvan ki var: hər cəhətdən ülviyyətin anasıdır,
Onun hər bir səhər yeli dərdlərimin dəvasıdır.
Mən vətənə qurban olum, qurulmuşdur sədaqətdən,
Bağdadı da dolandıran onun bollu qidasıdır.
Mərifətdə Şirvan əhli yüksək durur ərəblərdən,
Xaqaniyə həyat verən doğma yurdun havasıdır.
(Xaqani Şirvani. Seçilmiş əsərləri, Lider nəşriyyatı,
Bakı-2004. Səh.- 384-385)
Bu kimi faktlar Şirvan ölkəsində İslamiyyətəqədərki siyasi elitanın yadigar qoyub getdiyi mənəvi idrakın etnokultiroji, etnopsixoloji və etnopolitik strukturundan xəbər verirdi. Rus tarixçisi Vl. Minorski bu diyarın yadelli ərəb, deyləmi və kürd işğalları üzündən cəmi iki əsr Dərbənddə- Haşimilər, Şirvanda Yəzidilər, Gəncədə- Şəddadilərin hökmünə tabe edildiyini yazır. Şirvanda hakimiyyət sürən Məzyədilərin mənşəcə ərəblərin Şeybani tayfasından olduqları halda, 861-ci ildə bu ölkənin müstəqilliyini elan edərkən nədən onu yenidən “Şirvan” adlandırmasının səbəbini Vl. Minorski çox doğru olaraq belə izah edirdi: “Во всяком случае престиж династии правителей Ширвана стоял горазде выше, чем репутация курдских пришельцев в Арранe или даже Хашимидов ал-Баба…” (История Ширвана и Дербенда X-XI вв. Изд.-во Восточной литературы. Москва-1963, стр.-155). İlk Ərəb işğalı dövründə Şirvanın Girdiman vilayətinin son hökmdarının “Cavan ŞİR” adlanmasını da bu üzdən təsadüfi hesab etmək olmaz.
“Tarix” adına edilmiş hər hansı saxtakarlığı dəqiq elmi dəlillərlə ifşa etmək üçün, ilk növbədə, müasir ideoloji tarixçiliyə deyil, Tarixin fəlsəfəsinə əsaslanan ciddi elm-metodoloji araşdırmalar aparmaq lazımdır. Odur ki, biz də Tarixin fəlsəfəsilə məşğul olmuş alman filosofu Herder İohann Qotfridin (1744-1803) məşhur “Bəşəriyyətin tarixi fəlsəfəsinə dair fikirlər” (1784-1791), Gevorq Vilhelm Fridrix Hegelin (1770-1831) “Tarixin fəlsəfəsinə dair mühazirələr” (1822-1830), avropamərkəzçiliyin qəti əleyhdarı olmuş ingilis filosofu Arnold Cozef Toynbinin ( 1899-1975) lokal mədəniyyətlər nəzəriyyəsinə söykənən 12 cildlik “Tarixin dərki” (1934-1961), Roma Klubu nümayəndələri- ilk prezident Aurelio Peççeinin (1908-1984) “İnsanlıq məziyyətləri” (1971-1980), Amerika filosofu Elvin Tofflerin “Üçüncü Dalğa” (1979) və digər tarixi-kultraloji əsərlərə əsaslanaraq, xalqımızın Şirvanşahlar tarixinə “Tarix mədəniyyətin gerçəkləşməsidir” prinsipindən yanaşmağa üstünlük verdik.
Bütün İslam tarixində, hətta ərəblərin özündən də xeyli qabaq, ilk dəfə klassik Divan yaradıcılığına imza atmış oturaq mədəniyyətin sahibi olan şirvan xalqının X əsr dahi mütəfəkkiri sufi-şair Baba Dağ Bakuvi-Şirvaninin (933-1050) ismini onun öz Vətənində gələcək nəsillərə unutdurmaq cəhdi, məncə, qədim Misir fironu Böyük Ramzesin tarixi riyakarlığından daha təhlükəli bir addımdır. Ümidvaram ki, bu günədək mədəni irsimizə böyük qayğı göstərmiş Heydər Əliyev Fondu və onun möhtərəm Prezidenti Mehriban Əliyeva, məncə, bu sahədə də ilk təşəbbüsü ələ alaraq, nəhayət, X əsr ilk klassik şairimiz, filosof və mövlanamız Baba Dağ Bakuvinin (Baba Kuhinin) dünyaca məşhur olan Divanının Bakıya gətirilməsinə, orijinalda və milli dilimizə tərcümədə xalqımıza çatdırılmasına yardımçı olacaqdır.
Qaf dağlarının ilk aborigen əhalisi olan şirvan xalqının tarixində başqa xalqlar üzərinə köçərilərə xas işğalçı yürüşləri görmürük. Əksinə, bu oturaq sivilizasiya fasiləsiz şəkildə yadelli işğalçı qüvvələrin aramsız təcavüzlərinə məruz qalmış, öz varlığı ərzində əsrlərlə azadlıq və istiqlal mübarizələri aparmışdır. Bildiyimiz kimi, köçəri yürüşlərinin məğzi Vətən müharibəsi aparmaq deyil, başqalarının maddi-mənəvi nemətlərini qarət etməkdən və ağalıq ehtiraslarından ibarət olmuşdur. Qədim şirvan xalqının həyatı bu üzdən onu dörd tərəfdən bürümüş müxtəlif qarətçilərlə savaşlarda keçmişdir. Baba Dağ və Nəsimi sufizminin məğzi insanlığa verilmiş üniversal mənəvi dəyərlərdən irəli gəlirdi. Hər iki filosof-şair dünyanı və insanlığı müsbət ideallara doğru dəyişdirmək iddiasında idilər.
Şirvanşahlar tarixinə rekonstruktiv-mental baxış

Şirvan xalqı daim öz dövlətçiliyini, mədəniyyətini və varlığını qoruyub mühafizə etməyə məcbur qalmışdır. Şirvanşahlar dövlətinin bütün varlığı ərzində onun yazılı klassik ədəbiyyatının baş mövzusu vətənpərvərlik, azadlıq eşqi və ədalətə çağırışdan ibarət olmuşdur. Şirvanı tərk etməyə məcbur olmuş ailələrdən birinin oğlu sayılan Bayat (atabəyli) kökənli Məhəmməd Füzuli İraqda hökm sürən XV əsr qaranlığı içərisində yazırdı:
Tutar ahu Vətən ol yerdə ki, otlu-suludur!
Füzulidən üç əsr öncə Şirvan şairi İbrahim Xaqani isə öz vətəndaşlıq nmövqeyini ucadan fəxrlə belə bəyan etmişdi:
-Şirvan ki var: hər cəhətdən ülviyyətin anasıdır,
Onun hər bir səhər yeli dərdlərimin dəvasıdır.
Mən vətənə qurban olum, qurulmuşdur sədaqətdən,
Bağdadı da dolandıran onun bollu qidasıdır.
Şirvan əhli alicənab yaranmışdır başdan-başa,
Bu yer gözəl təbiətli bir lətafət məvasıdır!..
Vətənimin fəqirləri dözümlüdür hər zəhmətə,
Gözləri tox, ürəkləri sanki kərəm dəryasıdır.
Mərifətdə Şirvan əhli yüksək durur ərəblərdən,
Xaqaniyə həyat verən doğma yurdun havasıdır.
(Xaqani Şirvani. Seçilmiş əsərləri, Lider nəşriyyatı,
Bakı-2004. Səh.- 384-385)
“Füzuli” demişkən, rəhmətlik Əzizə Cəfərzadənin son əsəri sayılan “Eşq sultanı” romanı Məhəmməd Füzulinin şirvanlı əsli-kökündən bəhs edir. Məhəmməd Füzulinin əsli-kökünün hansı “Bayat” kəndindən olmasından asılı olmayaraq, bu dahi sənətkar ilk növbədə, Şirvan ədəbi mühitinin “məhsulu” idi. Orta əsrlərin Bağdad ədəbi mühitində yazıb-yaradan sənətkarların da əksəriyyəti, Teymur və sonrakı dövrün siyasi xəritəsində Şirvanşahlar hesab edilmiş tarixi ərazilərdən köç etmiş nəsillərin nümayəndələri olmuşlar.
Ötən əstin 70-ci illərində ilk tələbəlik vaxtımda yolumu ata nənəm Gülbikə xatunun kəndinə- Çarxana salmışdım. Oraya yetişməmiş yolda Füzulinin atası Süleyman kişinin dədə-baba yurdu sayılan Bayat kəndinin buldozerlərlə vandalca dağıdıldığını gördüm. Rayon Partiya Komitəsinin birinci katibi Feyruz Mustafayev uzaqdan bu acı mənzərəni gülümsər üzlə seyr edirdi. Ətrafı milis nəfərləri ilə dolu idi. Səbəb çox sadə idi: kimsə Azər.KP MK-nın İdeoloji katibliyində belə düşünüb ki, bir halda, Qarabağda da Bayat kəndi var, burada bir rayona “Füzuli” adı verilib, deməli, Şamaxı ərazisində ikinci “Bayat” adlı kəndə heç bir ehtiyac yoxdur. Bu hadisəyədək artıq iki dəfə Universitetdən qovulmaq təhlükəsilə üzləşmişdim. Vəziyyətdən zorla salamat qurtarmışdım: anam məni Pirili kəndinə xalası qızının Şeyx Sıracətdin Kürdəmirinin adı ilə bağlı Ocağına aparıb, bir daha heç bir haqsızlığa qarşı “baş qaldırmayacağıma” and içdirmişdi. Odur ki, susmağa məcbur oldum. Sakit etiraz əlaməti olaraq, Xaqaniyanə “sükut əlifbasına” (ət-əna-ya) uyub yolumu yarımçıq qoydum və Bakıya geri döndüm... Əlbəttə, bir kəndi yox etmək kimi vandal düşüncənin sahibləri bir şeyi anlamamışdılar: həmin dövrdə təkcə Azərbaycan ərazisində beş Bayat kəndi vardı. Bu kəndlərdən bəhs edərək, XIX əsrin məşhur topoqraf alimi İbrahim ağa Vəkilov onlardan birinin Şuşa, birinin Göyçay, birinin Salyan, birinin Quba, birinin də Şamaxı qəzalarında yerləşdiyini göstərmişdi. Nə üçün məhz Şamaxıdakı Bayatın dağıdılması, məlum məsələdir ki, dahi şairimiz Məhəmməd Füzulinin soy-kökünün Şamaxı izlərini Yer üzündən silmək məqsədi güdürdü...
Daha bir faktı da qeyd edim ki, xalq şairimiz Səməd Vurğun tez-tez məhz Şamaxı Bayatının ərazisində qırqovul ovuna gələrdi. Burda onun Lütfi (Vitka) adlı ovçu dostu vardı. Bu kənd yer üzündən silinsə də, üzərində Səməd Vurğunun süfrə açıb, yemək yediyi və öz ov bıçağı ilə çızıb işarə qoyduğu Daş hələ də çörək qədri bilən şamaxılılar tərəfindən qorunub saxlanılmaqdadır. Heç də təsadüfi deyil ki, milli ədəbiyyatımızda neçə illərdən sonra Şirvanşahlar haqqında ilk müsbət fikri söyləyən sənətkar da məhz Səməd Vurğun olmuşdur. Dahi şairin 1944-cü ildə yazdığı “Bakının dastanı” poemasında oxuyuruq:
Bakı adlı dünya görmüş bir limanda
O hökmdar qurdu Şirvan paytaxtını.
Qəsbkarlar axışdığı bir zamanda
Dönə-dönə o sınadı öz baxtını...
(Səməd Vurğun. Bakının dastanı. Seç. əsərləri. II cild. Poemalar.
Azərnəşr. Bakı-1976, səh.- 66)
Ədəbiyyatımızda vətənpərvərlik mövzusu və “Vətən duyğusu” ilk dəfə məhz ilk intibah şairimiz İbrahim Xaqaninin yaradıcılığında özünü büruzə vermişdir. Bunun da əsas səbəbi odur ki, şirvan xalqı öz dövlətçiliyini və oturaq mədəni dəyərlər sistemini qorumaq üçün əsrlərlə müxtəlif yadelli imperialist və köçəri-bədəvi qüvvələrlə mübarizə aparmışdır. Əhməni və Sasani İranı ilə qədim Yunanıstan və Roma imperiyaları arasında getmiş qanlı müharibələrin əsas döyüş teatrı Şirvan əraziləri olmuşdur. Bədəvi ərəblərin, monqol-tatarların, Teymurilərin işğalçılıq məqsədilə seçdikləri əsas hərbi-forpost coğrafi sahə, təsadüfi deyil ki, Şirvanşahların qədim Arran vilayəti idi. Bu gün “Qarabağ” adlandırılan həmin sahə hələ də antiazərbaycan, antişirvan irtica qüvvələrinin nəzərində əzəlki “hərbi forpost” mahiyyətini itirməmişdir.
Şirvan xalqına, onun ziyalı elitasına qarşı yadelli təcavüzkarların repressiyaları permanent xarakter daşımışdır. Belə ki, ağqoyunlu və qaraqoyunlu türkmən-tatar tayfalarının Səfəvilərin rəhbərliyi altında Şirvan üzərinə son yürüşündən sonra təkrarən uzun sürən repressiya, təqib və mühacirət həyatı yaşamış Şirvan ziyalılarını xatırlamaq yerinə düşərdi. Müasir Azərbaycan ədəbiyyatşünaslıq elmində layiqincə təmsil olunmamış bu ədiblər özlərindən əvvəlki Şirvan ziyalı nəsilləri kimi işğal dövrünün bu faciələrin bütün acılarını daxilən yaşamış və isatilaya uğramış öz xalqını təcavüzkara qarşı İstiqlal savaşına səsləmişlər. Məsələn, XVI- XVIII əsrin tarixi mənzumələri, tarixi-epik poemalarında artıq anti-şirvan tarixi qüvvələrə qarşı növbəti bədii etirazların açıq səsləndirildiyini görürük. Vətəni əsarət altına düşmüş Şirvan ziyalıları Vətən və İstiqlal idealı altında tarixin fəlsəfəsini yenidən dərk edib qiymətləndirərək, öz xalqını cəsarətlə Azadlıq savaşına səsləyirdilər. Şakir Şirvaninin ”Əhvali-Şirvan” (1743), Ağa Məsih Şirvaninin ”Şahnamə”, ”Eşidin etdiyini Şahsevən Əhməd şahın” (1749), habelə Məhcur Şirvaninin ”Qisseyi-Şirzad” əsərlərindən açıq hiss olunurdu ki, bu ədəbiyyat hələ də XII əsr klassik Şirvan intibah poeziyasının İbrahim Xaqani təməli üzərində durmuşdur. İbrahim Xaqaninin Şirvanşah III Məniçöhr və oğlu I Axsitanın rus varyaqlarına qarşı apardıqları azadlıq mübarizələrini vəsf edən əsərləri Azadlıq salnaməmizin qızıl səhifələridir. Bu əsərlərdə ilk dəfə yadelli işğalçılara qarşı xalqımızın mübarizə əzmi və Azadlıq ruhu oyadılmışdır.
Məhcur Şirvani məhz Xaqani poeziyasının ədəbi təsiri altında yazdığı “Qisseyi-Şirzad”da XVIII əsrdə Nadir şahın Şirvana işğalçı yürüşlərinə qarşı öz xalqının siyasi etirazını poema şəklində ümumiləşdirməyə üstünlük vermişdir. Lakin tarixi şəraiti nəzərə alaraq, o, əfşarilərin qanunsuz hakimiyyət zəbtinin təsvir məkanını Şirvandan Səmərqəndə köçürmüşdür.
Şirvan xalqı və onun dövlətçiliyi bütün tarix boyu yadellilərin həm qibtə, həm də kin mənbəyi olmuşdur. Lakin bununla belə şirvanlıların Azadlıq əzmi qonşu ölkələrin, o cümlədən İranın ərazisində yaşayan azadlıqsevər, haqnəvis insanlarda da daim azadlıq simvolu kimi duyulub hiss edilmişdir. Bunun bariz ifadəsi Fədai Təbrizinin (XV-XVI əsrlər) ”Bəxtiyarnamə” poemasında açıq hiss edilirdi. Fədai də, Böyük Şirvan idealının ilk carçısı sayılan Arif Ərdəbilinin ”Fərhadnamə”sindəki siyasi məramı təkrar irəli sürmüşdür. Fədainin əsərində hadisələr Şirvanda cərayan edir. Əsərin baş qəhrəmanı Behzad da məhz Şirvan hökmdarının oğludur. Məlumdur ki, Arif Ərdəbili eşq yolunda Bisütun dağını çapan Fərhadı Şirvanlı kimi qələmə verib, onun Şirvanda yaşayan əqrəbalarını, tikib yaratdığı abidələri təsvir və tərənnüm etmişdi. Arif Ərdəbili şirvan xalqının əbədiyyət simvolu sayılan tarixi “Gülüstan” qalasını dahi memar və heykəltaraş Fərhadın ölməz eşqnaməsi saymışdır. Və onun bu ölməz əsəri Fərhad-Şirin eşq salnaməsinin Fərhad-Gülüstan adlı Şamaxı boyu kimi qiymətləndirilməlidir. Əlbəttə, İran ziyalı elitası da zaman-zaman İranda fars şovinizmi ilə birgə müxtəlif yad köçəri ünsürlərin təcavüzünə məruz qalmış bütün aborigen insanlar kimi daim Şirvan xalqına və onun şanlı İstiqlal keçmişinə fəxarətlə nəzər yetirmişlər. Belə bir hal hətta XX əsrdə Təbrizli dahi şair Şəhriyarın da yaradıcılığından yan keçməmişdir. XX əsr dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar məşhur ”Səhəndim” əsərində Şirvaşahların əzəmətli İstiqlal tarixini milli qürur hissi ilə tərənnüm edərək yazırdı:
Gül ağacları nə tavus kimi çətrin açıb əlvan,
Hillə karvanıdı çöllər, bəzənər sürsə bu karvan.
Dəvə karvanıdı dağlar, yükü atlasdı bu heyvan,
Sabirin şəhrinə doğru qatarı çəkmədə sərvan,
O, XƏYALIMDAKI ŞİRVAN!..
...Qəsrlər vardı qızıldan, Qalalar vardı əqiqdən,
Rafael tablosu tək səhnələri əhdi-ətiqdən...
(Bax.M.Şəhriyar.”Yalan dünya”, AE nəşri, Bakı-1993, Səh.-77)
Burada əsas diqqətəlayiq cəhət odur ki, ölməz Şəhriyarımız milli Azərbaycan dövlətçiliyimizin genetik kökündə Şirvanşahların tarixi rolunu və yerini çox gözəl başa düşmüşdür. Yalnız məhtəşəm tarixi təcrübəyə söykənən bir dövlət Dünya sivilizasiyasnda, hətta Avropadan da neçə-neçə əsr qabaq, bəşəriyyətin İntibah mədəniyyətinə ilk imza ata bilərdi. Heç şübhəsiz ki, üsyankar şair İbrahim Xaqani Şirvaninin Azadlıq fəlsəfəsi şirvanlılığın daim təməl mərəmnaməsi olub və olaraq qalır. Çünki İ.X.Şirvani özünün mənəvi AZADLIQ eşqini hər cür ritual və sakraldan, vəzifə və rütbədən, təriqət və dindən, büt və səcdədən yuxarı tutan ilk ülviyyət şairi idi:
İki aləmdə bir iş var ki, bizlər qəmdən azadıq,
Könül, əylən səhər vaxtı, iki aləmdən azadıq.

Yetir meylə dolu saxsı qabı torpaq dodağıma,
Daşa vur cami-Cəmşidi, saqi ki, Cəmdən azadıq.

Bitir Xaqaniyə Zəmzəmlə Kəbə söhbətin, ey dost,
Gətir badə bizə, çünki Kəbə, Zəmzəmdən azadıq!
Şərabını cami-Cəmşidlə (padşah qədəhi ilə) deyil, torpaq dodağı ilə içməyi daha şərafətli sanan Xaqani, bu imtinanı Cəmdən (yəni Cəmşiddən) azad olması, şahlara, xaqanlara baş əyməməsi ilə əlaqələndirmişdir. Bu cəsarət orta əsrlər monarxiya dövründə nəinki Şirvan şahlığı üçün, hətta bütün Qərbi Avropa cəmiyyətləri üçün də qeyri-səciyyəvi idi.
İbrahim Xaqani Şirvani bütün Türk dünyasında vətəndaşlıq mövqeyini sənətdə hər şeydən üstün tutmuş ilk şairdir. Məşhur “Həbsiyyə” poemasında “Azadlığın qədrini bilin, bu dünyada ondan qiymətli heç nə yoxdur” ideyasını irəli sürmüş dahi şairin yaradıcılığı Azadlıq duyğuları ilə zəngindir. Məhz bu azadlıq və İstiqlalçılığın nəticəsidir ki, Şirvan ziyalıları müxtəlif işğalçı rejimlər şəraitində Vətəndən illərlə mühacirət etməyə məcbur olmuşlar, lakin bununla belə öz azadlıq məramını maddi şeylərə heç vaxt dəyişməmiş, əksinə sona qədər mübarizə aparmışlar.
Yadelli Kəsrani və digər siyasi-elitar qüvvələrə qarşı əqidə və azadlıq mübarizəsi aparmaları üzündən Vətəndən uzaq düşmüş qürbət şairlərimizin başında uzaq-yaxın Təbrizdə “Şairlər məqbərəsi”ndə əbədi uyuyan Xaqanimizin öz qərib məzarının durması təsadüfi deyildir. Bu taleyi Vətəni Əmir Teymurun istilasına məruz qalmış Şeyx İmadəddin Nəsimi (1344-1404) də ondan sonra yaşamış oldu. Bu mühacirlər köçü uzun bir siyahıdır: Nitqi Şirvani (XVI əsr), Məhcur Şirvani (XVIII əsr), Ağa Məsih Şirvani (XVIII əsr), Mirzə Nəsrullah Bahar Şirvani (1834-1883: Təbrizdə Sürxab məqbərəsində dəfn edilib), Məhəmmədhüseyn Rüsva Şirvani (Baharın qardaşı, Kaşanda dəfn edilib) və başqaları bu mühacirət yolunun davamçıları olublar. Nə qədər faciəvi görünsə də, etiraf etmək lazımdır ki, XVII-XVIII yüzilliklərdə Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir hadisə--Mühacirət ədəbiyyatı meydana çıxmışdır. Şah Abbasın hakimiyyəti illərindən bu hicrət daha da artıb kütləvi hal aldı. Belə ki, Şakir, Naseh, Vahid, Nadir,Vüqui, Zahid, Hali, Həsiri və b. İsfahana sürgün edildilər. Otuzdan artıq şair öz ölkəsindən baş götürüb qaçmağa məcbur oldu: Saib, Məsih, Arif, Məhvi, Məlun, Hümai, Şeyda, Rabit, Razi, Rəhməti, Rəşid... Habelə Bürhan,Yusif Qarabaği kimi şairlər də zülmkar Şah Abbasın əli çatmayan yerlərdə yazıb-yaratmağı davam etdirdilər...
Göründüyü kimi, Şirvan tarixi əsasən bədii salnamə kimi qələmə alınmışdır, lakin bu, onun tarixilik mahiyyətini yox etmir və edə bilməz.
XIX əsrin əvvəllərindən qədim Şirvan torpaqlarını növbəti işğala məruz qoymuş Çar Rusiyasının müstəmləkə mühitində dahi pedaqoq-şairimiz Seyid Əzim Şirvaninin Şirvan tarixindən bəhs edən əsəri haqqında məşhur gürcü pedaqoqu A.Zaxarovun yazdığı “Qafqaz tatarlarında xalq təhsili” adlı məqaləsində maraqlı məlumata rast gəlirik: “O, birinci dərəcəli şair kimi tanınmaqdadır. Onun bədii əsərlərindən “İlham dəqiqələri” adlı əsəri Təbrizdə nəşr edilmişdir. “Şirvan xanlığının tarixi” adlı bir əsər də yazmışdır ki, hələ də çap olunmamış qalır”. Təsadüfi deyil ki, Seyid Əzim işğalçı Çar Rusiyasının “Adurbadaqan” və “Adurbadaqan tatarları” adlandırdığı müstəmləkə Şirvanında özünə “Şirvani” nisbəsini vermiş ilk milli ziyalımız oldu. Dahi pedaqoq-şair XIX əsrin ortalarında (1869-cu ildə) yeni tipli ilk milli məktəbimizin əsasını qoyarkən, yeni üsullu məktəbdə təhsil alan tələbələrinə üz tutaraq fəxrlə yazmışdı:
Naib-e XAQANİyəm, əndər diyar-e u, bəli,
Zərreyi-xorşid ra başəd be xorşid entisab.
(Tərcüməsi: Xaqani diyarında onun varisi-naibi mənəm,
Necə ki günəşin zərrəsi onun özünə aiddir)
Bu da onun rus çarizminin müstəmləkə siyasətinə qarşı öz mürşidinin yolunu davam etdirdiyinə açıq-aşkar işarət idi. Məhz bu üzdən, çar rejimi onu dəfələrlə müəllimlikdən uzaqlaşdırmağa çalışmış, nəhayət, dərs dediyi Məktəbin yaxınlığındaca yerli bəy-molla qaragüruhunun əlilə amansızcasına qətlə yetirmişdir. Seyid Əzim Şirvani bizim milli pedaqoji tariximizdə ilk şəhidimizdir.
Şirvanşahlar dövlətinin süqutu, heç şübhəsiz ki, Şirvan mədəniyyətinin də süqutu demək deyildir. Dahi şairimiz Seyid Əzim Şirvaniyə qədər və sonrakı dövrlərdə sürüb gəlmiş ”Şirvanilik” missiyasının 1918-ci ildə nə üçün və necə laik bir cümhuriyyətlə başa çatdığını, Qərb və Şərq mədəniyyətlərinin sintezinə söykənmiş bir mədəniyyət zirvəsinə yetişməsini təsadüfi saya bilmərik. Məhz dahi şair-pedaqoqumuz Seyid Əzimin maarifçilik fəaliyyəti və bu yolda şəhadəti ilk milli inqilabımızın tarixi təməli idi.
Elmdir baisi-tərəqqiyi-tam,
Alimə tay deyil güruhi-əvam.
Hələ qalsın bu rəmzlər bari,
Elmsiz adəmin nə miqdari?..
Mən “Müəllim” pedaqoji poemamda (“Elm və təhsil” nəşriyyatı, Bakı-2017) Seyid Əzimin yaratdığı ilk milli məktəbimizin Vətənimizin şimalı və cənubu boyu necə müzəffər yürüşlə başa çatdığını təsvir və tərənnüm etmişəm. Dünyanın hər yerinə əsrlərcə ziyalı göndərmiş qədim şirvan cəmiyyəti 1501-1538-ci illər arasında işğal rejimi şəraitində elə bir repressiya və deqradasiyaya məruz qaldı ki, bundan belə tək gücü ilə ayağa durmaq iqtidarını tamamilə itirdi. Hal-hazırda üzərində çalışdığım “Sonuncu Şirvanşah: ŞAHRUH” tarixi romanımda 14-15 yaşında Şirvan taxtına oturdulmuş bakılı bir gəncin Vətən və Azadlıq uğrunda başı Qırmızı çalmalı köçəri-türkmən tayfalarına qarşı qəhrəman mübarizəsi və müqəddəs şəhadəti təsvir edilir. “Şirvanşahlar haqqında saqa” epopeyamın beşinci cildi olan bu yekun əsərimi öz xalqıma və Vətənimə son xidmətim hesab edirəm. Ümidvaram ki, bu son ədəbi məqsədimə də nail olacağam.
Vətənimizdə ilk “siyasi-milli bütövləşmə” hərəkatı məhz Şirvanda başladılmışdır: 1749-cu ildə Quzey Azərbaycan xanları Şirvan camaatının çağırışına yetərək, işğalçı Nadir şahın Şirvandakı satrapı Şahsevən Əhməd şahın zülmünə son qoymuşlar. Bu, Azərbaycanın Quzeyində Azadlıq hərakatının ilk məşəli idi. Həmin tarixi savaş indiki Ağsu rayonunun Şixmüzə düzündə baş vermişdir. Dədəgünəşli dahi şairimiz Ağa Məsih Şirvaninin həmin il qələmə aldığı “Şahnamə” poemasında bu tarixi Zəfər mükəmməl bədii əksini tapmışdır.
Heç də təsadüfi deyil ki, de-fakto, Şirvan Azərbaycanında ümumazərbaycan Bayrağı altında üç dəfə Respublika elanı məhz qədim Şirvanın paytaxt şəhəri Bakıda bəyan edilmiş və qurulmuşdur. “Böyük Vətən uğrunda” bütün azadlıqsevər insanlarla birgə məhz Şirvan siyasi elitası 1918-ci ilin İstiqlaliyyətinə doğru hərəkat başlatmışdır. Azərbaycan tarixində milli olan hər şeyin bünövrəsi Şirvanda qoyulmuşdur: Seyid Əzimin ilk anadilli müasir məktəbi, Həsən bəy Zərdabinin miili “Əkinçi” qəzeti, Hacı Zeynalabdin Tağıyevin ilk milli teatr binası, nəhayət, Məhəmməd Əmin Rəsulzadənin ilk milli parlamenti ilk növbədə qədim oturaq mədəniyyətin daşıyıcısı olmuş Şirvan cəmiyyətinin avanqard roluna əsaslanmışdır.
(ardı var)



AtaTv.az Xəbər Portalı.
İctimai Xəbər Agentliyi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 431}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı