ixatv.az

Ermənistanın əhalisi sürətlə azalır - Xalqın taleyi isə özünün deyil, Rusiyanın əlindədir

15-03-2021, 15:14

Ermənistanın əhalisi sürətlə azalır - Xalqın taleyi isə özünün deyil, Rusiyanın əlindədir
Müharibənin bitməsindən 4 ay keçsə də, Ermənistandakı dərin siyasi və sosial böhran davam edir və hər keçən gün dərinləşir. Acınacaqlı vəziyyət erməniləri ölkəni tərk etməyə məcbur edir.

Fevral ayı üçün açıqlanan statistikaya görə, 80 min vətəndaş Ermənistanı tərk edib. Qeyd edək ki, pandemiya ilə əlaqədar sərhədlər uzun müddət bağlı idi. Yollar qismən açılan kimi, bir ayın içində 80 min insan xaricə üz tutub.

Pandemiyanın yaratdığı iqtisadi gərginlik azmış kimi müharibədən sonra yaranmış vəziyyət Ermənistan iqtisadiyyatını tamamilə çökdürüb. Ermənistanlı iqtisadçı Ruben Vardanyan sadəcə siyasi böhran ucbatından 200 min nəfərin Ermənistandan köçüb gedəcəyini proqnozlaşdırdıqlarını bildirib.

Həm iqtisadçılar, həm də statistik göstəricilər Ermənistan üçün nikbin gələcək vəd etmir.

Slavyan-Türk xalqları hərəkatının lideri, psixoloji portretologiya və siyasi analizlər mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədov Ermənistanda yaranmış vəziyyəti Eurasia Diary-yə şərh edib.

Ermənistanın əhalisi sürətlə azalır - Xalqın taleyi isə özünün deyil, Rusiyanın əlindədir

Politoloq Ermənistan iqtisadiyyatının sağlam əsaslarının olmadığını qeyd edib. O, Ermənistanda istehlak məhsulları az olduğuna görə və eyni zamanda bazar rəqabətinə dözə bilmədiyi üçün Ermənistanda sənaye məhsullarının MDB məkanından kənara çıxa bilmədiyini bildirib.

“Ermənistan iqtisadiyyatının ümidi kənd təsərrüfatına qalıb. Bu məhsulların isə yetərsizliyi, Türkiyədən gələn məhsullara rəqabətdə uduzur. İstənilən əmtəə məhsulunun əmələ gəlməsində kütləvilik onun qiymət siyasətinə təsir edir. Misal üçün, Türkiyə tərəfdən bazara 100 min ton məhsul çıxarılırsa, Ermənistanın da imkanı olmadığını nəzərə alsaq, maya dəyərinə təsir edir və rəqabətdə uduzur. Rusiya bazarında ən əlverişli qiymət siyasəti aparan türklərdir. Türkiyənin qiymətləri aşağı olduğundan hətta digər rəqibləri də sıradan çıxara bilir”, deyə politoloq söyləyib.

Adıgözəl Məmmədov Ermənistanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Rusiyada istehlakında da problem yarandığını əlavə edib: “Məlum məsələdir ki, Ermənistan Rusiya tərəfindən maliyyələşən müəyyən sənaye müəssisələrinin və diasporanın yardımı ilə ayaq üstə dayanan dövlətdir. Sovet zamanında Ermənistanda strateji müəssisələr var idi. Misal üçün, molibden, qızıl zavodları fəaliyyət göstərirdi. Hətta Ermənistanda uran istehsal olunurdu. Bütün bu strateji müəssisələri rus şirkətləri, bir çox hallarda xüsusi xidmət orqanlarına bağlı olan şirkətlər ələ keçirib. Belə vəziyyətdə isə, ermənilərdən yalnız qara fəhlə kimi istifadə olunur. Bütün inşaat və intelektual sahələr isə rusların əlindədir. Kənd təsərrüfatı da rəqabətdə Türkiyəyə uduzur. Türkiyə burada həmçinin dempinq (süni şəkildə qiymətlərin bazar qiymətindən aşağı salınması) siyasəti yerinə yetirir. Türkiyə bunu postsovet məkanında rəqiblərinə qarşı aparır. Buna da bir çox xırda təsərrüfat sahibləri dözə bilmir”.

Ermənistanda əhalinin azalması və demoqrafik problem yeni tendensiya deyil. Politoloq bunun həmişə olduğunu və son illərdə əhali artımının yox səviyyədə olduğunu deyib: “Müharibə zamanı Ermənistanda ən çox qaldırılan problemlərdən biri həlak olan əsgərlərin əksəriyyətinin ailələrin tək övladı olmasıdır. Kasıb ailədə, kasıb cəmiyyətdə çoxuşaqlı ailələr azlıq təşkil edir. Ona görə də, insanlar həyatda qalmaq üçün az uşaqla yaşamağa məcbur olur. Bu baxımdan da demoqrafik problem hətta Sovet zamanında var idi. Bizim ailələrdə 10-15 uşaq olanda belə, onlarda ikidən artıq olmurdu. Onlar həmin zamanlarda demoqrafik problemi həll etmək üçün, erməni milyarderi Gulbenkyan SSRİ-nin rəhbərlərindən biri olan Anastas Mikoyanla danışıqlar apararaq Stalinə Qərbi Ermənistanı Türkiyədən alaraq bütün dünyadan erməniləri oraya yığmaq istəyini bildirib. Həmin o erməni köçlərinə görə biz azərbaycanlıları 1948-1953-cü illərdə deportasiya etdilər. Bu problemlər onlarda həmişə olub, lakin bu, Ermənistan tamamilə boşalacaq və orda heç kim qalmayacaq kimi fikirlərə də əsas verməli deyil”.

Ermənistan üçün yaranmış vəziyyətdən yalnız bir çıxış yolu var. Politoloq çıxış yolunu Azərbaycanla sülhə riayət etmək, mövcud reallıqlarla barışmaq və eyni zamanda Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqda görür. Lakin o, bu məqamda Rusiyanın ciddi təsirlərinin olacağını və Türkiyə ilə münasibətlərin yaxşılaşdırılmasına mane törədəcəyini vurğulayıb.

“Bu işdə Rusiya strateji baxışının önəmli yeri var. Onların Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını qəbul edib, etməyəcəklərini zaman göstərəcək”, deyə Adıgözəl Məmmədov söyləyib.

O, Rusiyanın mövqeyinə toxunaraq Rusiyanın Cənubi Qafqazda mövcud maraqlarını da qeyd edib. Burada Rusiyanın regionda nəqliyyat xəttlərinə nəzarət istəyi xüsusi vurğulanıb: “Rusiyanın Cənubi Qafqaz nəqliyyat yollarına nəzarət istəyinin bir neçə səbəbi var. Əsas səbəb isə Rusiyanın “Şimal Axını” layihəsinin sıxışdırılmasıdır. Bu layihəyə Avropada blokada qoyulub. Avropanın əsas qaz istehlakı Rusiya, Azərbaycanın TANAP və Liviya ərazisindən gedən kəmərlərlə ödənilir. Rusiya sıxışdırıldığını görəndə aşağı istiqamətdə irəliləyərək Liviyanın da enerji yataqlarını tutmağa başlayıb. Daha sonra isə bizim coğrafiyada kommunikasiya yollarına nəzarəti ələ keçirdi. Suriyanı, Qətərı və Səudiyyə Ərəbistanın təzyiq altında saxlamağa çalışırlar”.

Mövcud reallığın ən əsas məqamlarından biri isə erməni xalqının taleyinin Rusiyadan asılılığıdır.

“Bir çox hallarda xalqların taleyini siyasi konyaktura istiqamətləndirir. Biz nə qədər də xalq diplomatiyası desək də, son nəticədə siyasi, geosiyasi maraq və siyasi konyektura aşağılara doğru tezis şəklində yeridilir. Hər halda erməni xalqının gələcək taleyi rus strateji düşüncəsinin tərkib hissəsidir”, deyə Adıgözəl Məmmədov fikrini bitirib.

Ülvi Əhmədli


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 71}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı