ixatv.az

Könüllülərin komandiri

8-06-2021, 11:19

Könüllülərin komandiriVətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. Ötən ilin son aylarına təsadüf edən, Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissinin sarsılmazlığı idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.
Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Bu cür mübariz gənclərimizdən biri də Toğrul Həsənbala oğlu Nağıyev idi.
Bu gün doğum günü olan şəhidimiz Toğrul Nağıyev 2000-ci il iyunun 8-də Şəki şəhərində anadan olub. 2005-ci ildə Şəki şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib, 2014-cü ildə həmin məktəbin 9-cu sinfini bitirib. Eyni zamanda həmin il paralel olaraq Şəki şəhər 2 saylı Uşaq Musiqi məktəbini qarmon ixtisası üzrə başa vurub və Şəki Musiqi Kollecinə qəbul olub. 2018-ci ildə kolleci qarmon müəllimi ixtisası üzrə bitirib.
2018-ci il iyul ayının 11-də Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə başlayıb və Füzulidə yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2020-ci ilin yanvarında ordudan tərxis olumub. Həqiqi hərbi xidmətdə olarkən atasını itirmiş Toğrul Nağıyev ailənin tək övladı idi. Kiçik bir rəqs məktəbi açmışdı. Vətənə sevgisi elə güclü oldu ki, tənha anasını, dostlarını, işini buraxıb könüllü olaraq cəbhəyə getdi.Həm də dəfələrlə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Şəki rayon şöbəsindən geri qaytarılmasına baxmayaraq getdi. Bir insan vətənini ancaq bu qədər sevə bilər.
Azərbaycan Ordusunun əsgəri olan Toğrul Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə savaşıb. Toğrul Nağıyev oktyabrın 13-də Ağdərə istiqamətində şəhid olub. Oktyabr ayının 14-də Şəki şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Toğrul Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Subay idi. Allah rəhmət eləsin.

Zaur Müslümov
Şəki şəhər 11 nömrəli tam
orta məktəbin tarix müəllimi


Könüllülərin komandiri


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın. Oxunub: 181}
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.İxatv.az
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Təsisçi və baş redaktor: Rasafil Bayramov
Tel: (+99450) 328-10-58
E-mail: ixatv.az@gmail.com
Ünvan: Mətbuat pr. Azərbaycan nəşriyyatı